Bank Of Baku

Azərbaycan istehlak bazarının həcmi yanvar-fevral aylarında 9% artıb

Azərbaycan istehlak bazarının həcmi yanvar-fevral aylarında 9% artıb
# 17 mart 2010 13:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-fevral aylarında Azərbaycanın istehlak bazarının həcmi 8,9% artaraq 2 669,6 mln. manata çatıb. Artımın 71%-i ticarət fəaliyyətinin, 29%-i isə əhaliyə göstərilən pullu xidmətlərin hesabına təmin edilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, istehlak bazarında pərakəndə əmtəə dövriyyəsinin xüsusi çəkisi 74,6%, əhaliyə göstərilən pullu xidmətlərin xüsusi çəkisi isə 25,4% təşkil edib.

Hesabat dövründə özəl sektorun müəssisələri tərəfindən əhaliyə 2 468,6 mln. manatlıq istehlak malları satılıb və pullu xidmətlər göstərilib. Ticarət və xidmət fəaliyyəti üzrə ümumi artımın 87,3%-i özəl müəssisələr hesabına əldə edilib.

Hesabat dövründə ticarət və xidmət şəbəkələrindən hər bir ölkə sakini hər ay orta hesabla 150,1 manatlıq müxtəlif istehlak malları alıb və pullu xidmətlərdən istifadə edib. Adambaşına düşən əmtəə dövriyyəsinin və əhaliyə göstərilən pullu xidmətlərin 138,8 manatı (92,5%-i) özəl müəssisələrdə reallaşıb.

Qeyd edək ki, 2010-cu ilin yanvar-fevral aylarında istehlakçılara (ixrac da daxil olmaqla) 872,1 min ton neft məhsulları göndərilib. Bunun 53,3%-i daxili bazarın tələbatının ödənilməsinə yönəldilib, 46,7%-i isə ixrac olunub. Neft məhsullarının 43,7%-ni dizel yanacağı, 18,2%-ni avtomobil benzini, 10,1%-ni aviasiya üçün və sair ağ neft, 4,6%-ni mayeləşdirilmiş qazlar, 3,2%-ni mazut yanacağı, 2,1%-ni neftbitum, 0,7%-ni sürtkü yağları, 17,4%-ni isə digər məhsullar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR