Bank Of Baku

Azərbaycan dünya kredit reytinqində 31-ci yeri tutub

Azərbaycan dünya kredit reytinqində 31-ci yeri tutub
# 29 mart 2010 08:33 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, Beynəlxalq Valyuta Fondunun (BVF) göstəricilərinə əsasən, 2009-cu ildə dünyada istehsal həcmi 0,8% azalıb. Bununla yanaşı, iqtisadiyyatı inkişaf etmiş ölkələrdə bu göstərici 3,2% düşüb. İnkişafda olan ölkələrdə isə istehsalın artımı 2,1% təşkil edib.

Ötən il istehsalın azalması göstəriciləri üzrə Rusiya (-9%) və Meksika (-6,8%) liderlik edir. Buna baxmayaraq, Çin (+8,7%) və Hindistan (+5,6%) kimi ölkələrdə istehsalın artması səbəbindən dünya üzrə ümumi göstərici gözləniləndən bir qədər az dəyişib.

Bundan başqa, 2009-cu ildə Böyük Britaniyada istehsalın həcmi 4,8%, Yaponiyada 5,3%, ABŞ-da isə 2,5% azalıb.

Ötən il həmçinin, dünya ticarətinin həcmi də azalıb. Əgər 2008-ci ildə ticarət əməliyyatlarının həcmi 2,8% artmışdırsa, 2009-cu ildə bu göstərici 12,3% azalıb.

Hesabat ilində istehlak mallarının qiymətinin artması da bir qədər zəifləyib. Belə ki, əgər 2008-ci ildə inkişaf etmiş ölkələrdə inflyasiyanın səviyyəsi 3,4%, inkişafda olan ölkələrdə 9,2% təşkil edibsə, ötən il bu göstərici müvafiq olaraq 0,1% və 5,2% olub.

BVF ölkələrin xarici dövlət borcuna dair göstəriciləri əks etdirməsə də, «Milli Reytinq Agentliyi» qeyd olunan göstəricilər əsasında bir çox ölkənin dövlət borcunun artdığını bildirir. Belə ki, 2009-cu ildə (reytinq verilən ölkələr arasında) tövsiyyə olunan göstəricini (dövlət borcunun ÜDM-ə nisbətən 60%-dən çox olmaması şərtilə) Yaponiya (192,1%), Böyük Britaniya (68,5%), Almaniya (77,2%), Fransa (79,7%), Niderland (62,2%), İtaliya (115,2%), Macarıstan (72,4%) və Xorvatiya (61%) kimi ölkələr aşıb keçib. İspaniya (50%) və Hindistan (59,6%) da kritik nöqtəyə yaxınlaşmaq üzrədir.

Bununla yanaşı, bir çox ölkədə dövlət borcunun azalması gözlənilmir. Belə ki, ölkələrin əksəriyyətində büdcə kəsiri qeydə alınıb. Məsələn, Böyük Britaniyada büdcə kəsirinin ÜDM-ə nisbəti 14,4%, Yunanıstanda 12,7%, ABŞ-da 11,9%, Fransada 10,2%, Yaponiyada 9,2%, İspaniyada 8,5%, Latviyada isə 8,2% təşkil edib.

Buna baxmayaraq, BVF 2010-2011-ci illər üçün dünya iqtisadiyyatında istehsalın artacağını proqnozlaşdırır. Belə ki, Fond 2010-cu ildə bu göstəricinin 3,9%, 2011-ci ildə isə 4,3% olacağını gözləyir.

Reytinqə gəldikdə isə, kreditlərin ödənilməsi qabiliyyəti üzrə siyahıda birinci yerdə 1,401 əmsalı ilə İsveçrə, ikinci yerdə isə 1,400 əmsalı ilə isə ABŞ qərarlaşıb (hər iki ölkə AAA qrupuna (kreditlərin maksimal ödənilməsi qabiliyyəti) aid edilib). Daha sonra siyahıda Yaponiya (1,348), Almaniya (1,319) və Fransa (1,314) qərarlaşıb ki, bu ölkələr AA+ qrupuna (kreditlərin ödənilməsi qabiliyyətinin həddən artıq yüksək olması) aiddir.

Azərbaycan isə reytinqdə 0,711 əmsal ilə 31-ci yerdə qərarlaşıb ki, ölkəmiz BB qrupu (kreditlərin orta ödənilməsi qabiliyyəti – ikinci səviyyə) reytinqinə malikdir.

Bundan başqa, Rusiya (1,000 əmsal ilə) siyahıda 15-ci yerdə (A- qrupu (kreditlərin yüksək ödənilməsi qabiliyyəti) reytinqi), Türkiyə (0,728 əmsal ilə) 27-ci yerdə (BB+ qrupu (kreditlərin orta ödənilməsi qabiliyyəti) reytinqi), Qazaxıstan (0,716 əmsal ilə) 29-cu, Belarus (0,714 əmsal ilə) 30-cu yerdə (hər iki ölkə BB qrupuna (kreditlərin orta ödənilməsi qabiliyyəti – ikinci səviyyə) aid edilib), Özbəkistan (0,631 əmsal ilə) 32-ci yerdə (BB- qrupu (kreditlərin orta ödənilməsi qabiliyyəti – üçüncü səviyyə), Ermənistan isə (0,572 əmsal ilə) 33-cü yerdə (B+ qrupu (kreditlərin kafi ödənilməsi qabiliyyəti – birinci səviyyə) qərarlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR