Bank Of Baku

Azərbaycanda bu ilin I rübündə bank mənfəəti kəskin azalıb

Azərbaycanda bu ilin I rübündə bank mənfəəti kəskin azalıb
# 04 may 2010 09:20 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumatına görə, 2009-cu ilin yanvar-mart aylarının göstəricisi ilə müqayisədə mənfəətin məbləği 42,7 mln. manat və ya 2,2 dəfə azalıb.

Yanvar-mart aylarının yekunlarına görə, aktivlər üzrə xüsusi ehtiyatlara ayırmalar (38,72 mln. manat) nəzərə alınmaqla, bankların cəmi mənfəətinin həcmi 76,9 mln. manata bərabər olub ki, bu da ötən ilin müvafiq rüblük göstəricisi ilə müqayisədə 28,1 mln. manat və ya 36,8% azdır.

Hesabat dövründə bankların faiz gəlirləri 248,65 mln. manat, faiz xərcləri 132,55 mln. manat təşkil edib, nəticədə, xalis faiz mənfəəti 116,1 mln. manat olub. Eyni zamanda, bankların qeyri-faiz gəlirləri 59,5 mln. manat, qeyri-faiz xərcləri isə 98,47 mln. manat təşkil edib ki, bunun nəticəsində qeyri-faiz əməliyyatları üzrə 38,97 mln. manata bərabər xalis zərər yaranıb.

Göründüyü kimi, qeyri-faiz xərclərinin qeyri-faiz gəlirlərini üstələməsi Azərbaycanda artıq ənənəyə çevrilib ki, bu da bank ictimaiyyəti və Mərkəzi Bankı narahat etməyə bilməz. Lakin vəziyyətin sağlamlaşdırılması istiqamətində hələlik heç bir irəliləyiş yoxdur və banklar qeyri-faiz əməliyyatlarından yalnız zərər çəkir.

Qeyd edək ki, qeyri-faiz gəlirlərə investisiya gəlirləri, müştərilər tərəfindən xidmət haqları, valyuta ilə ticarətdən əldə olan gəlirlər, komisyon haqlar, xəzinə veksel və kommersiya qiymətli kağızları üzrə gəlirlər, lizinq və trast əməliyyatlarından gəlirlər və s. kimi daxilolmalar aiddir. Göründüyü kimi, Azərbaycan bankları öz mənfəətini yalnız faiz əməliyyatlarından və ilk növbədə kreditləşmədən qazanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR