Bank Of Baku

Bakıda Mühasibat uçotu üzrə Milli Sertifikat sahiblərinin təltifetmə mərasimi keçirilib

Bakıda Mühasibat uçotu üzrə Milli Sertifikat sahiblərinin təltifetmə mərasimi keçirilib
# 05 may 2010 11:54 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Bakıda Azərbaycan Auditorlar Palatası, GRBS (G&R Business Services) şirkəti və «İrəli» İctimai Birliyinin iştirakı ilə Mühasibat uçotu üzrə Milli Sertifikat sahiblərinin təltifetmə mərasimi keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə GRBS şirkətinin idarəedici direktoru Bəhram Qurbanov Mühasibat Uçotu üzrə Milli Sertifikat Proqramının Milli Mühasibatlıq Kvalifikasiyasının tərkib hissəsi olduğunu bildirib və bunun Azərbaycan Auditorlar Palatası ilə əməkdaşlıq çərçivəsində yaradıldığını qeyd edib.

B.Qurbanovun sözlərinə görə, bu ilin fevral ayının 28-də imtahanda iştirak etmiş Azərbaycan Dövlət Neft Şirkəti, «LUKoil Azerbaijan», «Nobel Oil», «Salyan Neft», «Qobustan Neft», «BASF Kaspian», Bakı Banklararası Valyuta Birjası, Xəzər Beynəlxalq İnvestisiya Şirkəti, «Unibank» və digər şirkətləri təmsil edən 46 namizəddən 31 nəfər ümumilikdə 90 baldan, keçid balı 45 olan və daha çox bal toplamaqla uğurlu nəticə əldə edib: «Biz GRBS olaraq bu işə 2007-ci ildən başlamışıq və həmin müddətdən bəri bizim əsas məqsədimiz ölkədə Azərbaycan dilli vahid proqramın yaradılması olub. Azərbaycan dilində həmin proqramın yaradılmasında məqsəd onun yerli auditorlar tərəfindən mənimsənilə bilməsidir. Əvvəllər bütün bu materialların hamısı rus və ingilis dillərində olub. Lakin GRBS-in səyi nəticəsində bütün yerli mühasib və auditorlara bu proqram Azərbaycan dilində tədris olunur».

B.Qurbanov bildirib ki, artıq bu kvalifikasiya respublika səviyyəsində tanınır və Azərbaycan Auditorlar Palatası GRBS-in dəstək və tərəfdaşı hesab olunur.

Tədbirdə Azərbaycan Auditorlar Palatasının sədri Vahid Novruzov GRBS tərəfindən kursların yüksək səviyyədə keçirildiyini və imtahanların beynəlxalq standartlara uyğun şəkildə aparıldığını bildirib. Azərbaycan iqtisadiyyatının dayanıqlığından danışan V.Novruzov belə kursların keçirilməsinin gələcəkdə Azərbaycanda fəaliyyət göstərən şirkət və müəssisələrdə mühasibatlıq sisteminin inkişafına böyük töhfə verəcəyini vurğulayıb.

«İrəli» İctimai Birliyinin sədri Ceyhun Osmanlı isə son illər ərzində Azərbaycanın siyasi və iqtisadi sahədə əldə etdiyi nailiyyətlərdən danışıb.

Tədbirin sonunda GRBS və Azərbaycan Auditorlar Palatası tərəfindən keçirilən Milli Sertifikatlaşdırıcı İmtahanları uğurla keçən namizədlər beynəlxalq statuslu Diplom və Sertifikatlarla təltif olunublar.

Qeyd edək ki, Milli Sertifikat mühasib və auditorlar üçün nəinki ölkə daxilində, eyni zamanda beynəlxalq miqyasda tanınan nüfuzlu sənəddir.

Xatırladaq ki, GRBS 2004-cü ildə təsis edilib. Şirkəti təlimlər, beynəlxalq kvalifikasiyalar və imtahanlara hazırlıq, heyətin idarə edilməsinin psixoloji təminatı və iş yerlərinin attestasiyası üzrə hərtərəfli və yüksək səviyyəli xidmətlər göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR