Bank Of Baku

Azərbaycanda istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri ilə bağlı icbari sığortaya həsr olunmuş tədbir keçirilib

Azərbaycanda istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri ilə bağlı icbari sığortaya həsr olunmuş tədbir keçirilib
# 21 dekabr 2010 13:11 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» qanunun tətbiqinə başlanılıb. «APA-Economics»in məlumatına görə, bununla bağlı bu gün keçirilən tədbirdə Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov, Azərbaycan Sığortaçılar Assosiasiyası Müşahidə Şurasının sədri Azər Əliyev və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyinin rəis müavini Məhərrəm Məhərov və digər dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan N.Xəlilov bildirib ki, bu qanun tətbiq edilməmişdən öncə istehsalatda baş vermiş bədbəxt hadisələr nəticəsində sığorta ödənişinin verilməsində çətinliklər yaranırdı. İşəgötürən maddi çətinlik və ya digər əsassız dəlillərlə ödənişdən yayınırdı. Qanunun tətbiqindən sonra bütün analoji hallar aradan qaldırılacaq. Qanun tələbinə görə, işəgötürən müəssisə və təşkilat öz işçisini icbari şəkildə bu növ üzrə sığortalayacaq. İşçilərdən bu növ üzrə sığorta haqqının tutulması büdcədən maliyyələşən təşkilatlar üçün dövlət hesabına, digər təşkilatlar üzrə daxili imkanlar hesabına həyata keçiriləcək. Bu qanunda işçi öz iş yerində, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətini itirirsə, bu, sığorta hadisəsi hesab olunur.

Dövlət Əmək Müfəttişliyinin rəis müavini M.Məhərov isə qeyd edib ki, 2007-ci ildə Azərbaycanda istehsalatda bədbəxt hadisələr nəticəsində 259 nəfər (128 nəfər ölüb), 2008-ci ildə 255 nəfər (72 nəfər ölüb), 2009-cu ildə isə 250 nəfər (69 nəfər ölüb) xəsarət alıb. İnanıram ki, bu qanunun tətbiqindən istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində xəsarət alanların sayı azalacaq.

M.Məhərovun sözlərinə görə, əvvəllər istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində xəsarət alanların adları gizlədilirdi: «Bu hadisələrin əksəriyyəti tikinti sektorunda baş verib. Bu hadisələrin gizlədilməməsi üçün Dövlət Əmək Müfəttişliyi tərəfindən hüquq-mühafizə orqanlarına, səhiyyə müəssisələrinə müvafiq tapşırıqlar verilib. Qanunun icrasından sonra analoji hallar aradan qalxacaq, işçinin icbari sığortalanması işəgötürənin təşəbbüsü əsasında həyata keçiriləcək. Ümid edirəm ki, bədbəxt hadisələr nəticəsində xəsarət alanlara sığorta ödənişlərinin verilməsində də çətinliklər yaranmayacaq».

Tədbirdə daha sonra qanunda nəzərdə tutulmuş normativ hüquqi aktlarda istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta tariflərinin müəyyən edilməsi, aylıq sığorta ödənişi məbləğinin müəyyən edilməsi məqsədləri üçün orta aylıq əmək haqqı miqdarının hesablanması, həmçinin əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta ödənişinin təyin edilməsi, verilməsinin dayandırılması və bərpa olunması və peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə annuitet haqqının məbləğinin hesablanması və digər qaydalar müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR