Bank Of Baku

Aydın Əliyev: «Azərbaycanda gömrük ödənişlərinin bank və plastik kartlar vasitəsilə aparılması şəffaflığı təmin edəcək»

Aydın Əliyev: «Azərbaycanda gömrük ödənişlərinin bank və plastik kartlar vasitəsilə aparılması şəffaflığı təmin edəcək»
# 01 mart 2011 11:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda gömrük ödənişlərinin yalnız bank və ya plastik kart vasitəsilə həyata keçirilməsi gömrük əməkdaşları ilə sahibkarlar arasında kontaktların az olmasını və ödənişlərin şəffaflığını təmin edəcək. «APA-Economics»in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib.

Onun sözlərinə görə, dövlət başçısının imzaladığı fərmana əsasən, sərhəddə avtomobillərin əsassız olaraq saxlanması ilə bağlı inzibati qaydada məsuliyyət nəzərdə tutulub: «Bu təkcə gömrük əməkdaşlarının məsuliyyətini artırmır. Belə ki, daşıyıcıların, idxalçı və ixracatçı şirkətlərin də üzərinə məsuliyyət düşür ki, onlar müvafiq əməliyyat zamanı düzgünlüyü təmin etsinlər».

Qeyd edək ki, 2011-ci ilin fevralın 25-də Azərbaycan prezidenti İlham Əliyev DGK əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında fərman imzalayıb. Sənədə əsasən, gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25%-i DGK-nin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə ediləcək. DGK, Daxili İşlər və Ədliyyə nazirliklərinə tapşırılıb ki, ölkə ərazisinə idxal edilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi, dövlət qeydiyyatının aparılması, daimi uçota alınması, nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyatı nişanının verilməsi, habelə nəqliyyat vasitələrinə sahiblik, istifadə və sərəncam hüquqlarının verilməsi ilə əlaqədar prosedurların «bir pəncərə» prinsipi əsasında sadələşdirilməsini 3 ay müddətində təmin etsin.

Bununla yanaşı, DGK-yə tapşırılıb ki, qanunvericiliklə müəyyən edilmiş bütün gömrük ödənişlərinin yalnız bank və ya plastik kart vasitəsilə alınması təmin edilsin, gömrük orqanlarında göstərilən xidmətlərin operativliyini və şəffaflığını artırmaq məqsədi ilə müraciət edən şəxslərin qəbul edilməsi ardıcıllığının müəyyən olunması üçün elektron idarəetmə sistemi («elektron növbə») tətbiq edilsin, Komitənin əməkdaşları tərəfindən qulluq vəzifələrinin icrası zamanı qanunvericiliyin tələblərinə ciddi riayət edilməsinə nəzarəti gücləndirilsin.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR