Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, yanvarda pul kütləsi 4% azalıb. Qeyd edək ki, M3 aqreqatının strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.
Pul kütləsinin M2 aqreqatı (manat pul kütləsi) son bir ildə 33% artdığı halda, təkcə yanvarda 6,4% azalıb və 2011-ci ilin fevralın 1-nə 7 763,8 mln. manata çatıb:
(mln. AZN)
Pul aqreqatları | 01.02.2010 | 01.01.2011 | 01.02.2011 |
M0 (nağd pullar) | 3 972,8 | 5 455,8 | 5 266,8 |
M1 (nağd pul, tələb olunanadək əmanət və depozitlər) | 4 857,2 | 6 718,9 | 6 542,3 |
M2 (nağd pul, tələb olunanadək və manatla müddətli əmanət və depozitlər) | 5 837,7 | 8 297,5 | 7 763,8 |
M3 (nağd pul, tələb olunanadək və müddətli əmanət və depozitlər) | 8 143,8 | 10 527,5 | 10 107,3 |
Makroiqtisadi baxımdan pul kütləsinin azalması inkişafda olan iqtisadiyyat üçün mənfi göstəricidir. Lakin etiraf etmək lazımdır ki, burada mövsümi amillər böyük rol oynayır. Belə ki, bu hal hər ilin əvvəlində baş verir və pul kütləsinin bütün komponentləri üzrə azalma müşahidə olunur.
Cari ilin fevralın 1-nə nağd pulun manat pul kütləsində (M2 aqreqatı) xüsusi çəkisi 67,8% təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 0,3 faiz bəndi azdır.
Qeyd edək ki, nağd pulların pul kütləsində xüsusi çəkisinin azalması da makroiqtisadi baxımdan müsbət göstəricidir, çünki bu, ilk növbədə nağdsız pul dövriyyəsinin artması ilə bağlıdır.