Bank Of Baku

«VTB-Azerbaijan» bankı «AzMeCo» şirkətinə kredit ayırıb

«VTB-Azerbaijan» bankı «AzMeCo» şirkətinə kredit ayırıb
# 26 aprel 2011 09:21 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «VTB-Azerbaijan» bankı və Azərbaycanın «AzMeCo» şirkəti arasında 30 mln. ABŞ dolları həcmində kredit sazişi imzalanıb.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, sazişə əsasən, ayrılan kredit vəsaitləri hesabına Bakıda illik istehsal həcmi 720 min ton olan metanol istehsalı zavodunun tikintisini nəzərdə tutulur.

İmzalanmada çıxış edən «VTB-Azerbaijan»ın başçısı Oleq Krasnojon və «AzMeCo»nun prezidenti Nizami Piriyev bu əməkdaşlığı yüksək dəyərləndirib və metanol istehsalının ölkə iqtisadiyyatı və ekoloji təmiz enerji istehsalı üçün vacib olduğunu bildiriblər.

Qeyd edək ki, «VTB Azerbaijan» Rusiyanın VTB bankının törəmə təşkilatıdır. «AzMeCo» şirkəti Azərbaycanda metanol istehsalı üzrə məşğul olan özəl şirkətdir.

Xatırladaq ki, ötən il Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və «AzMeCo» arasında 120 mln. ABŞ dolları həcmində kredit sazişi və Qaradağ rayonunda 25 ha ərazidə metanol zavodu və aralıq qazlarının istehsal edən əlavə 5 zavodun (xəttin) inşasına dair niyyət müqaviləsi imzalanıb. Layihə çərçivəsində şirkətin tikməyi planlaşdırdığı 6 zavodun ümumi layihə dəyəri 1,1 mlrd. dollar təşkil edəcək. Vəsaitin 33%-ni AYİB, qalanını isə digər banklar ayıracaq.

Birinci mərhələdə inşa olunacaq metanol zavodunun inşası layihəsinin ümumi dəyəri 300 mln. dollardır. Digər zavodlara gəlincə, ikinci 400 mln. dollar, üçüncü 250 mln. dollar, dördüncü 30 mln. dollar, beşinci 100 mln. dollar, altıncı zavod isə 30 mln. dollara başa gələcək.

Qeyd edək ki, «AzMeCo» şirkəti təbii qazın emalı yolu ilə illik istehsal gücü 720 min ton, gündəlik gücü 600 tona qədər ammoniak, 1 150 tonadək karbomid istehsal edən zavodun tikintisi və istismarının operatorudur. Gələcəkdə istifadəyə veriləcək metanol zavodu sonrakı mərhələlərdə 450 tonadək sirkə turşusu, 500 tonadək dimetil efir, 80 tonadək formaldehid, 40 tonadək melmin istehsal edəcək. Layihəni AYİB-lə yanaşı Azərbaycan Beynəlxalq Bankı, EDC (Kanada) və Qara Dəniz Ticarət və İnkişaf Bankı maliyyələşdirir.

Xatırladaq ki, AYİB krediti iki tranşla ayıracaq. Belə ki, ilk tranş 9 ilədək müddətə 90 mln. dollar həcmində ilkin tələbli borc, ikinci tranş isə 10 ilə tam geri qaytarılacaq 30 mln. dollar həcmində ilkin tələbli fəaliyyətdən asılı maliyyə vəsaiti olacaq.

Qeyd edək ki, metanol əsasən ev və kənd təsərrüfatlarında istifadə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR