Bank Of Baku

Azərbaycanda kredit bürosu haqqında qanun layihəsi hazırlanıb

Azərbaycanda kredit bürosu haqqında qanun layihəsi hazırlanıb
# 28 aprel 2011 12:36 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda «Özəl kredit bürosunun fəaliyyəti haqqında» yeni qanun layihəsi hazırlanıb. Bunu «APA-Economics»ə açıqlamasında İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) Azərbaycan üzrə nümayəndəsi Nailə Səfərova bildirib.

N.Səfərovanın sözlərinə görə, yeni qanun layihəsi Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə birgə hazırlanıb: «Bu qanunun tətbiqi nəticəsində, kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan müəssisə və təşkilatlar üçün xarici və daxili maliyyə resurslarının cəlb edilməsinə şərait yaranacaq. Belə ki, həmin Özəl Kredit Bürosunda müəssisə və təşkilatların kommunal, bank, rabitə, enerji istehlakı və müştəri haqqında məlumat bazası formalaşacaq. Banklardan fərqli olaraq kredit təşkilatları mümkün risklərdən tam sığortalanmır. Çünki indi Azərbaycan Mərkəzi Bankının Kredit Reyestri Xidmətinə yalnız bank, bank olmayan kredit təşkilatı və mikromaliyyə institutları müraciət edə bilir. Problemi həll etmək üçün yaxın vaxtlarda Azərbaycanda Özəl Kredit Bürosu yaradıla bilər».

SECO rəsmisi bildirib ki, Özəl Kredit Bürosuna müxtəlif məlumatlar daxil olduqda, kredit təşkilatları müştərinin ödəmə qabiliyyəti haqqında dolğun məlumat ala biləcək: «Bu təşkilatın köməyi ilə banklardakı risklərin, problemli kreditlərin sayını da müəyyənləşdirmək mümkün olacaq. Kredit bürosunun yaradılması ilə bankların işi asanlaşacaq. Belə ki, banklar kredit almaq istəyənlərin imkanlarını araşdırmağa əlavə vaxt və vəsait sərf etməyəcək».

N.Səfərova hazırlanan yeni qanun layihəsinin yaxın vaxtlarda müvafiq dövlət qurumlarına təqdim ediləcəyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR