Aktivlərin strukturunda müştərilərə verilən kreditlərin həcmi aprelin 1-nə 7 763,45 mln. manat (xüsusi çəkisi 61,46%), müxbir hesabları 1 404,43 mln. manat (11,12%), investisiyaların həcmi 1 134,98 mln. manat (8,99%), nağd vəsaitlər 597,52 mln. manat (4,73%), maliyyə sektoruna verilmiş kredit və depozitlərin həcmi 520,83 mln. manat (4,12%), digər aktivlər isə 1 210,54 mln. manat (9,58%) təşkil edib.
Aktivlərin azalması müştərilərə verilən kreditlərin azalması hesabına baş verib. Belə ki, müştərilərə verilən kreditlərin həcmi ay ərzində 785,05 mln. manat və ya 9,2% azalıb. Eyni zamanda, aktivlərin digər komponentləri üzrə artım müşahidə olunub ki, nəticədə yekun azalmanın həcmi yalnız 4%-ə bərabər olub. Mart ayında kreditləşmənin azalması gözlənilməz olub, çünki bu, əvvəlki aylarda müşahidə olunan tendensiyanın tam əksidir və bu səbəbdən bank sistemində mənfi dinamikanın yaranması barədə danışmaq hələlik tezdir.
Bank sistemi üzrə kredit portfelinin sahəvi təhlili energetika, kimya və təbii ehtiyatlar sahəsinə verilən kreditlərin həcminin martda kəskin azaldığını göstərir. Belə ki, bu sahə üzrə kredit portfelinin azalması 678,5 mln. manat təşkil edib ki, bu da yekun azalmadan da çoxdur. Qeyd edək ki, hər hansı bir sahə üzrə kredit portfelinin bu dərəcədə kəskin azalması ilk növbədə həmin sahəyə verilən kreditlərin bir hissəsinin ödənilməsi ilə bağlı ola bilər.
Kommersiya banklarının passivlərinin 82,54%-i bank öhdəliklərinin payına düşür. Belə ki, bank öhdəliklərinin həcmi 10 426,17 mln. manat təşkil edib. Öhdəliklərin tərkibində 5 464,84 mln. manat depozitlər, 4 282,83 mln. manat maliyyə sektorundan alınmış kredit və depozitlər, 678,49 mln. manat digər öhdəliklərin payına düşür.
Bankların məcmu kapitalı isə 2011-ci ilin aprelin 1-nə 2 205,58 mln. manata bərabər olub. Passivlərin strukturunda maliyyə sektorundan alınmış kredit və depozitlər üzrə də kəskin azalma baş verib. Azalmanın həcmi 860,66 mln. manat və ya 16,7% təşkil edib. Passivlərin bu mənbəyinin azalması bank tərəfindən maliyyə sektorundan alınmış vəsaitlərinin bir hissəsinin qaytarılması ilə bağlıdır.