Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, yanvar-mart aylarında pul kütləsi 2,2% artıb. Qeyd edək ki, M3 aqreqatının strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.
Pul kütləsinin M2 aqreqatı (manat pul kütləsi) son bir ildə 31,3% artdığı halda, I rübdə 2,7% azalaraq 8 115,5 mln. manat təkil edib:
(mln. AZN)
| 01.04.2010 | 01.01.2011 | 01.04.2011 |
M0 (nağd pullar) | 4 312,1 | 5 455,8 | 5 427,1 |
M1 (nağd pul, tələb olunanadək əmanət və depozitlər) | 5 190,7 | 6 718,9 | 6 608,5 |
M2 (nağd pul, tələb olunanadək və manatla müddətli əmanət və depozitlər) | 6 182,6 | 8 297,5 | 8 115,5 |
M3 (nağd pul, tələb olunanadək və müddətli əmanət və depozitlər) | 8 673,4 | 10 527,5 | 10 757,4 |
Cari ilin aprelin 1-nə nağd pulun manat pul kütləsində (M2 aqreqatı) xüsusi çəkisi 66,9% təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 3 faiz bəndi azdır. Nağd pullar və ümumilikdə pul kütləsinin illik müqayisədə artması fonunda nağd pulların pul kütləsində xüsusi çəkisinin azalması pul kütləsinin ilk növbədə nağdsız pullar hesabına artmasından xəbər verir ki, bu da makroiqtisadi baxımdan və iqtisadiyyatda ödəniş sisteminin təkmilləşdirilməsinin inkişafı baxımından müsbət amildir.