Bank Of Baku

Ali məktəb tələbələri arasında “Vergilər” mövzusunda V olimpiada keçirilib

Ali məktəb tələbələri arasında “Vergilər” mövzusunda V olimpiada keçirilib
# 06 may 2011 09:52 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Bakıda və ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən 6-sı dövlət və 5-i özəl olmaqla 11 ali məktəbin 250-dək tələbə və magistrantı arasında «Vergilər» mövzusunda V olimpiada keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə ADİU-nun prorektoru Əvəz Bayramov son illər ərzində Azərbaycanda vergi sistemindəki dinamik inkişafdan, o cümlədən vergilərin tədrisində müşahidə olunan uğurlardan danışıb.

Tədbirdə həmçinin Vergilər Nazirliyinin müavini Sahib Ələkbərov ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş olimpiadanın artıq ənənəvi hal aldığını bildirib. Nazir müavini ölkədə aparılan iqtisadi islahatların tərkib hissəsi olaraq vergi sisteminin müasir standartlar əsasında formalaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirildiyini bildirib.

S.Ələkbərov son illər ərzində Vergilər Nazirliyi tərəfindən tədris istiqamətində xeyli işlər görüldüyünü, vergilərin orta və ali məktəblərdə tədrisində diqqət artırıldığını qeyd edib. Buna misal olaraq orta məktəblər üçün hazırlanmış dərsliklər yenidən çap edilib, orta təhsil ocaqlarında yaradılan tədris-metodiki kabinetlərin sayı 45-ə çatdırılıb, həmçinin ali məktəblərdə vergilərin tədrisinə hərtərəfli köməklik göstərilib.

Nazir müavini olimpiadada yüksək nəticə qazanan tələbələrin vergi xidmətinə işə qəbul zamanı müəyyən üstünlüklər əldə etdiyini diqqətə çatdıraraq qeyd edib ki, müvafiq test imtahanından uğurla keçmiş və müsahibəyə buraxılmış namizədlərin iştirakı və göstərdikləri nəticələr nəzərə alınacaq.

S.Ələkbərovun sözlərinə görə, əvvəlki olimpiadaların qaliblərindən bəziləri işə qəbul imtahanlarını uğurla verərək Vergilər Nazirliyinin müxtəlif strukturlarında çalışır.

Tədbirin sonunda Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisi Yaşar Kəlbiyev cavabların tamamilə şəffaf şəraitdə - iştirakçı ali məktəblərin təmsilçilərindən ibarət münsiflər heyətinin iştirakı ilə xüsusi kompyuter proqramları vasitəsilə yoxlanılacağını bildirib.

Tədbir yekunlaşdıqdan sonra olimpiada iştirakçıları müvafiq auditoriyalarda 2 saat ərzində vergi ilə bağlı sualları cavablandırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR