Bank Of Baku

«DəmirBank» yeni uduş kampaniyasına başlayıb

«DəmirBank» yeni uduş kampaniyasına başlayıb
# 08 iyun 2011 14:05 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «DəmirBank» ASC «Visa» plastik kart sahibləri arasında yeni uduş kampaniyasına başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, şərtlərə əsasən «DəmirBank»ın müştəriləri «Visa» kartları ilə xaricdə istənilən əməliyyat edərkən uduş kampaniyasının iştirakçısına çevrilir.

Kampaniyanın uduşları ümumi 12 ədəd olmaqla 6 ədəd «HP Pavillion» noutbukları və 6 ədəd «HP Vivienne Tam» mini-noutlarından ibarətdir. Noutbuklar və mini-noutlar HP şirkətinin tərəfdaşı «2DO Computers» mağazasının 1 illik zəmanəti ilə təqdim olunur.

Qeyd edək ki, kampaniya bu ilin avqust ayının 31-dək davam edəcək. Həyata keçirilən hər əməliyyat bir şansa bərabərdir. Hər növbəti ayın 15-i tarixində 4 qalib müştəri müəyyən ediləcək. Məsələn, iyun ayında VISA kartı ilə xaricdə əməliyyat edən «DəmirBank»ın müştəriləri bu ilin iyul ayının 15-də, iyul ayında əməliyyat edənlər avqustun 15-də, avqust ayında əməliyyat edənlər isə sentyabrın 15-də lotereyada qalib ola bilərlər.

Qaliblər müxtəlif təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrindən təşkil olunmuş 5 nəfərdən ibarət Münsiflər Heyətinin iştirakı ilə müəyyən ediləcək. İnternet və Card-to-Card əməliyyatları kampaniyada iştirak etmir.

Xatırladaq ki, «DəmirBank» (keçmiş «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. Hazırda bankın 30 filialı, 50 bankomatı və 245 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR