Bank Of Baku

Azərbaycanın Əfqanıstanda qəzaya uğrayan «İl-76» təyyarəsinin ekipaj üzvlərinin ailələrinə icbari sığorta ödənişi tezliklə ödəniləcək

Azərbaycanın Əfqanıstanda qəzaya uğrayan «İl-76» təyyarəsinin ekipaj üzvlərinin ailələrinə icbari sığorta ödənişi tezliklə ödəniləcək
# 22 sentyabr 2011 12:21 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Atəşgah Həyat Sığorta» şirkəti ən qısa zamanda Əfqanıstanda qəzaya uğrayan təyyarədə həlak olan Azərbaycan vətəndaşlarının ailələrinə sığorta ödənişi həyata keçirmək niyyətindədir. Bu vəsait «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» növü üzrə ödəniləcək. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədri vəzifəsini icra edən Əkbər Mədətli bildirib.

Ə.Mədətlinin sözlərinə görə, sığorta ödənişinin həyata keçirilməsi ilə bağlı «SilkWay» aviaşirkəti tərəfindən lazım olan bütün sənədlər «Atəşgah Həyat Sığorta»ya artıq təqdim edilib: «Sığorta ödənişinin ləngiməsi isə birbaşa texniki səbəblərlə bağlıdır. Bu məsələlər həll edildikdən sonra ödənişlərin verilməsinə başlanılacaq. Sığorta ödənişləri təyyarədə həlak olan Azərbaycan vətəndaşlarının ailələrinə birdəfəlik ödəniləcək».

Ə.Mədətli sığorta ödənişi məbləğinin yaxın günlərdə açıqlanacağını qeyd edib.

Qeyd edək ki, Azərbaycan vətəndaşı olan ekipaj üzvləri (5 nəfər) «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» növü üzrə «Atəşgah Həyat Sığorta» şirkəti tərəfindən sığortalanıb.

Həmçinin, gəminin ekipaj üzvləri – tam heyət (9 nəfər) «Könüllü fərdi qəza sığortası» növü üzrə «İpək Yolu» sığorta (əvvəlki «Azal Sığorta») şirkəti tərəfindən sığortalanıb.

Xatırladaq ki, Azərbaycanın «SilkWay» aviaşirkətinə məxsus «İl-76» təyyarəsi bu il iyulun 6-da (Bakı vaxtı ilə saat 02:10-da) Əfqanıstanın Baqram hava limanı yaxınlığında enməyə hazırlaşarkən təyyarə ilə rabitə ani olaraq kəsilib və radarlarda görüntüsü itib. Qəzanın səbəbləri dəqiq məlum deyil. Təyyarənin göyərtəsində olan 9 ekipaj üzvündən 4-nün həlak olduğu, qalanların isə itkin düşdüyü bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR