Bank Of Baku

Azərbaycanda 20 oktyabr - Beynəlxalq Kredit İttifaqları günü qeyd olunub

Azərbaycanda 20 oktyabr - Beynəlxalq Kredit İttifaqları günü qeyd olunub
# 20 oktyabr 2011 11:53 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Azərbaycan Kredit İttifaqları Assosiasiyası (AKİA) 20 oktyabr - Beynəlxalq Kredit İttifaqları günü münasibətilə tədbir keçirib.

«APA-Economics»in məlumatına görə, tədbirdə AKİA-nın İdarə Heyətinin sədri Elçin Bağırov assosiasiya, eləcə də kredit ittifaqlarının fəaliyyəti haqqında geniş məlumat verib: «Kredit ittifaqı banklarda olduğu kimi, kapitalı deyil, ətrafında insanları birləşdirən maliyyə kooperatividir. Bank xidmətlərindən məhdud sayda müştəri əhatəsi istifadə etmir. Bankdan fərqli olaraq, kredit ittifaqlarının əhatə dairəsi müəyyən müştərilərlə məhdudlaşır və bu kredit ittifaqlarının xidmətlərindən yalnız onun üzvləri istifadə edə bilər. Kredit ittifaqının fəaliyyəti ilk növbədə öz üzvlərinin tələbatlarını ödəmək üçün cəlbedici maliyyə xidmətlərini göstərməyə istiqamətlənib. Odur ki, kredit ittifaqı üçün mənfəətin əldə edilməsi əsas məqsəd deyildir. Kredit ittifaqlarının öz fəaliyyətləri nəticəsində əldə etdiyi mənfəət öz iştirakçılarına dividentlər şəklində, xidmətlərin keyfiyyətini və növünü yaxşılaşdırmaq formasında və yaxud təqdim olunmuş kredit resurslarının dəyərinin aşağı düşməsi şəklində geri qayıdır».

Tədbirdə daha sonra E.Bağırov kredit ittifaqları ilə bağlı yeni qanun layihənin müvafiq dövlət orqanlarına təqdim edildiyini bildirib: «Mövcud qanunvericiliyə ediləcək əlavə və dəyişiklərin əsas səbəbi qanunda olan müəyyən boşluqlardır ki, burada kredit ittifaqlarının MMC kimi qeydiyyatdan keçməsi, ittifaqların depozit cəlb etməməsi və digər səbəbləri göstərmək olar. Dünya təcrübəsinə görə, kredit ittifaqları kooperativlər şəklində yaradılır. Kredit ittifaqları yaradılarkən ittifaqın vəsaitlərinin 80%-i cəlb edilən depozitlərin və 20%-i isə pay bölgüsü və üzvlük haqlarının payına düşür. Ümumiyyətlə, «Kredit ittifaqları haqqında» qanunda bu müddəalar olmadığı üçün Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqları iri həcmli kapital formalaşdıra bilmir. Həmçinin üzvlər üçün kreditin verilməsi də istənilən səviyyədə təmin edilmir. Bu zaman müştərilər mikro kredit təşkilatlarına müraciət edirlər», - deyə E.Bağırov bildirib.

Tədbirin sonunda üzv təşkilatların mövcud problemlərinin həlli istiqamətində geniş müzakirə aparılıb.

Xatırladaq ki, AKİA 2003-cü ildən fəaliyyət göstərir. Azərbaycanda fəaliyyət göstərən 79 kredit ittifaqından 70-i qurumun üzvüdür. Assosiasiyanın üzvü olan kredit ittifaqlarının 35-i kənd təsərrüfatının kreditləşməsində iştirak edir. Quruma kredit ittifaqları tərəfindən ödənilən rüblük üzvlük haqqı 100 manat, yeni qəbul edilən ittifaqlar üçün isə 30 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR