Əhalinin alıcılıq qabiliyyəti indeksi əhalinin pul gəlirlərin pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətlərin məcmusuna nisbətidir. Həmin nisbət əhalinin gəlirlərinin xərclərini üstələmə səviyyəsini və dolayı yolla əhalinin sərəncamında qalan vəsaitlərin həcmini göstərir. Göründüyü kimi, avqust ayının yekununda indeks 2009-cu ildən bəri maksimum göstəriciyə çatıb və sentyabrda bu səviyyədə qalıb.
Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında pərakəndə əmtəə dövriyyəsi 11 635,5 mln. manat, əhaliyə göstərilən pullu xidmətlərin dəyəri 3 681,8 mln. manat, əhalinin gəlirləri isə 21 776,3 mln. manat təşkil edib. Beləliklə, gəlirlər əsas xərcləri 6 459,0 mln. manat səviyyəsində üstələyir ki, bu da yanvar-avqust göstəricisindən 14,7% çoxdur.
Yanvar-sentyabr ayları ərzində əhalinin əsas xərcləri illik müqayisədə orta hesabla 9% artıb. Bu halda alıcılıq qabiliyyəti indeksinin azalmaması əhalinin həm alıcılıq qabiliyyətinin, həm də yığım qabiliyyətinin yüksək olduğunu göstərir.