Bank Of Baku

Gələn həftə Bakıda Asiya İnkişaf Bankının CAREC Proqramının Nazirlər Konfransı keçiriləcək

Gələn həftə Bakıda Asiya İnkişaf Bankının CAREC Proqramının Nazirlər Konfransı keçiriləcək
# 17 noyabr 2011 07:55 (UTC +04:00)
AİB-in Azərbaycan nümayəndəliyindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə 10 ölkənin uğurlu əməkdaşlığı qeyd olunacaq. Bu əməkdaşlıq sayəsində bütün region üzrə insanların həyatının yaxşılaşdırılması üçün enerji, ticarət və nəqliyyat sektorlarına CAREC-lə bağlı 17 mlrd. ABŞ dolları həcmində vəsait qoyulub.

Konfransa CAREC-a üzv olan ölkələrin iqtisadiyyat nazirləri qatılacaq. Tədbirdə Proqram çərçivəsində ötən 10 il ərzində görülmüş işlər təhlil olunacaq və gələcəkdə görülən işlərə dair müzakirələr aparılacaq. Eyni zamanda, konfransda növbəti 10 il üçün CAREC üzrə (2020-ci ilədək) inkişaf strategiyasına start veriləcək. Yeni strategiya ölkələrə qlobal iqtisadiyyat çərçivəsində ticarəti genişləndirməyi və rəqabətə davamlılığı artırmağa kömək edəcək və Mərkəzi Asiyanı regional ticarətin mərkəzi kimi təqdim edəcək. Bununla yanaşı, növbəti 10 il üçün CAREC layihələrinin maliyyələşdirilməsi məsələsi Yaponiya, ABŞ, Böyük Britaniya və digər ölkələrdən olan donor agentliklərinin nümayəndələri tərəfindən İnkişaf Tərəfdaşları Forumunda müzakirə ediləcək.

Nazirlər həmçinin regionda insanların və ticarətin sürətlə və daha effektiv bir şəkildə sərhədlərdən keçməsini təmin edən interqrasiya və qloballaşma ilə bağlı öz fikirlərini bölüşəcəklər.

Sözügedən tədbirdə iştirak etmək üçün AİB prezidenti Haruhiko Kurodanın da Azərbaycana gələcəyi gözlənilir.

Qeyd edək ki, CAREC AİB-in Mərkəzi Asiyada regional əməkdaşlığa dair dəstəklədiyi təşəbbüsdür və onun icrasına 1997-ci ildə başlanılıb. Hazırda bu proqram nəqliyyat, ticarət siyasəti və energetika sahələrini əhatə edir. CAREC Proqramı ilə Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı və BMT-nin İnkişaf Proqramı sıx əməkdaşlıq edir. Hazırda Azərbaycan, Çin, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tacikistan, Özbəkistan, Türkmənistan, Əfqanıstan və Pakistan CAREC-ın üzvüdür.

Xatırladaq ki, 2008-ci ilin noyabr ayında Bakıda CAREC üzrə VII Nazirlər Konfransı keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR