Bank Of Baku

Azərbaycan CAREC Proqramının layihələrinə ümumilikdə 3 mlrd. dollar xərcləyib

Azərbaycan CAREC Proqramının layihələrinə ümumilikdə 3 mlrd. dollar xərcləyib
# 17 noyabr 2011 08:26 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Asiya İnkişaf Bankının (AİB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramına (CAREC) üzv olduğu vaxtdan indiyədək bütün regionda insanların həyatının yaxşılaşdırılmasına kömək edən CAREC layihələrinə 3 mlrd. ABŞ dollarına yaxın sərmayə yatırıb. Bu barədə «APA-Economics»ə AİB-in Azərbaycandakı daimi nümayəndəliyindən bildirilib.

Nümayəndəlikdən qeyd olunub ki, bu sərmayə 2002-ci ildən indiyədək yatırılıb: «CAREC Proqramı çərçivəsində Azərbaycanın Şərq-Qərb magistral yolunu müasirləşdirməsi bu vacib nəqliyyat arteriyasının Xəzər dənizi ilə Qara dəniz arasında effektiv koridora çevrilməsinə və Avropa ilə Asiya arasında ticarəti təbliğ etməsinə yardım göstərib. Təkmilləşdirilmiş yollar yerli kənd təsərrüfatı və sənaye sektorlarını dirçəltməyə yardım edir və neft gəlirlərinin faydasını genişləndirir».

«Yol tikintisi Azərbaycanın ölkə daxilində və ölkədən kənarda ticarətin və həyat səviyyəsinin yaxşılaşdırılması ilə bağlı götürdüyü öhdəlikləri nümayiş etdirir», - deyə AİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Olli Noroyono bildirib.

Ümumiyyətlə, CAREC-ın geniş yol və dəmir yolu şəbəkəsi insanları və ticarəti Çindən Qafqaza və Avropaya, Qazaxıstandan Pakistanadək və qlobal bazarlara daşımaq imkanı yaradır.

Qeyd edək ki, CAREC AİB-in Mərkəzi Asiyada regional əməkdaşlığa dair dəstəklədiyi təşəbbüsdür və onun icrasına 1997-ci ildə başlanılıb. Hazırda bu proqram nəqliyyat, ticarət siyasəti və energetika sahələrini əhatə edir. CAREC Proqramı ilə Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı və BMT-nin İnkişaf Proqramı sıx əməkdaşlıq edir. Hazırda Azərbaycan, Çin, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tacikistan, Özbəkistan, Türkmənistan, Əfqanıstan və Pakistan CAREC-ın üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR