Əhalinin alıcılıq qabiliyyəti indeksi əhalinin pul gəlirlərinin pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətlərin məcmusuna nisbəti kimi hesablanır. Həmin nisbət əhalinin gəlirlərinin xərclərini üstələmə səviyyəsini və əhalinin sərəncamında qalan vəsaitlərin həcmini göstərir. Göründüyü kimi, avqustun yekununda indeks 2009-cu ildən sonra ən maksimal həddə çatıb və sentyabr-oktyabr aylarında həmin səviyyədə qalıb.
Qeyd edək ki, cari ilin yanvar-oktyabr aylarında pərakəndə əmtəə dövriyyəsi 13 082,0 mln. manat, əhaliyə göstərilən pullu xidmətlərin dəyəri 4 187,8 mln. manat, əhalinin gəlirləri isə 24 538,6 mln. manat təşkil edib. Beləliklə, gəlirlər əsas xərcləri 7 268,8 mln. manat üstələyir ki, bu da yanvar-sentyabr göstəricisindən 12,5% çoxdur.
Xatırladaq ki, yanvar-oktyabr ayları ərzində əhalinin əsas xərcləri illik müqayisədə orta hesabla 9,3% artıb. Bu halda alıcılıq qabiliyyəti indeksinin sabit qalması əhalinin həm alıcılıq qabiliyyəti, həm də yığım imkanlarının yüksək olduğunu göstərir.