Bank Of Baku

Azərbaycan bank sektorunda ani likvidlik əmsalı 71%-ə çatıb

Azərbaycan bank sektorunda ani likvidlik əmsalı 71%-ə çatıb
# 18 noyabr 2011 14:07 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın bank sistemində risklərin minimallaşdırılması və idarə olunması çərçivəsinin post-krizis dövrünün tələblərinə uyğunlaşdırılması Mərkəzi Bankın maliyyə sabitliyi siyasətinin vacib prioritetlərindən biri olub. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən yanvar-sentyabr ayları üzrə hazırlanmış Maliyyə sabitliyi İcmalında deyilir.

Hesabat dövründə kreditlərin daha sabit resurslar hesabına maliyyələşməsi müşahidə olunub və kreditlərin cəmi depozitlərə nisbəti 174%-dən 151%-ə enib. Banklar tərəfindən aktiv və passivlərin vaxt strukturunun optimallaşdırılması və müddət üzrə aktiv və passivlər arasında fərqin azaldılması bank sistemində likvidlik riskinin azalmasına təsir göstərib.

İcmala əsasən, oktyabrın 1-nə likvid aktivlərin cəmi aktivlərə nisbəti sabit - 15% səviyyəsində qalıb, cari öhdəliklərin isə 53%-ni örtüb. Ani likvidlik əmsalı 71% təşkil edərək minimal həddən (30%) yüksək olub. Qeyd edək ki, ani likvidlik əmsalının minimumunun 30% müəyyən edilməsi o deməkdir ki, hər bir bank yüksək likvidli aktivlərin orta gündəlik qiymətinin yüksək likvidli (cari) öhdəliklərin orta gündəlik məbləğinə olan nisbət əmsalını ən azı 30% səviyyəsində saxlamalıdır.

Hesabat dövrünün sonuna likvid aktivlərin strukturunda nağd vəsaitlər, nostro-hesablar və dövlət qiymətli kağızlarının payı müvafiq olaraq 30%, 34% və 14% olub. İlin əvvəlinə izafi likvidlik şəraitində bankların Mərkəzi Bankda hesablarının xüsusi çəkisi 31% təşkil etdiyi halda, sentyabrın sonuna 22% olub. Dövr ərzində AMB-nin bank nəzarəti və tənzimlənməsi prinsiplərinin tətbiqi çərçivəsində əsas məqsəd bankların dayanıqlığının artırılması, maliyyə sabitliyinin qorunub saxlanılmasıdır. Bu məqsədlə banklarda risk-menecment potensialının gücləndirilməsi, korporativ idarəetmə standartlarının təkmilləşdirilməsi, şəffaflığın artırılması istiqamətində müvafiq işlər görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR