Bank Of Baku

Azərbaycan AYİB-in Londonda keçiriləcək illik toplantısında iştirak edəcək

Azərbaycan AYİB-in Londonda keçiriləcək illik toplantısında iştirak edəcək
# 20 aprel 2012 13:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Mayın 18-19-da Londonda (Böyük Britaniya) Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) səhmdarlının növbəti illik toplantısı keçiriləcək.

AYİB-in Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, iclasda Avropa Bankının regiondakı fəaliyyəti, regionun iqtisadi perspektivləri və investisiya potensialı, dayanıqlı və təhlükəsiz enerji gələcəyi, kapital bazarları, sahibkar qadınların iqtisadiyyatda rolu və bir sıra digər məsələlər müzakirə olunacaq.

«Tədbirdə Azərbaycanı AYİB-in Azərbaycan üzrə rəhbəri, ölkənin iqtisadi inkişaf naziri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyətinin təmsil edəcəyi gözlənilir. Bundan başqa, iki gün davam edəcək tədbirə Azərbaycanın «UniBank», «AGBank», «Bank Respublika» və «Access Bank»ın nümayyəndələrinin də qatılacağı gözlənilir», - deyə AYİB-in Bakı ofisindən bildirilib.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. Azərbaycanla AYİB əməkdaşlıq etdiyi gündən bu ilin yanvar ayının 1-dək Bankla 9 layihənin maliyyələşdirilməsi üçün ümumi məbləği 1 229,45 mln. ABŞ dolları təşkil edən 9 kredit sazişi imzalanıb. Bunlardan, 479,45 mln. dollar məbləğində kredit hesabına 8 layihənin icrası başa çatıb, 750 mln. dollar məbləğində kredit hesabına 1 layihənin («Avtomobil yollarının təmiri və bərpası layihəsi») icrasına isə 2012-ci ildə başlanacaq: «Azərbaycanda «Avtomobil yollarının təmiri və bərpası layihəsi»nin icrası üçün 2011-ci ildə AYİB tərəfindən 3 il güzəşt dövrü daxil olmaqla 15 il müddətinə illik «LIBOR+1%» dərəcəsi ilə 3 tranşla, hər biri 250 mln. dollar olmaqla, 750 mln. dollar məbləğində kredit ayrılıb. Layihənin məqsədi Azərbaycanın regionlarında yol şəbəkəsinin yenidən qurulmasının və bərpasının bir hissəsinin maliyyələşdirilməsidir.

AYİB tərəfindən ayrılan ümumi kreditlərdən 2012-ci il yanvarın 1-nə 476,3 mln. dollar istifadə edilib. Nəzərdə tutulmuş qrafik üzrə 205,8 mln. dollar məbləğində əsas borc qaytarılıb.
İcrası başa çatmış «Yenikənd su elektrik stansiyasının tikintisi» (53,2 mln. dollar), «Hava naviqasiya sisteminin modernləşdirilməsi» (13,7 mln. dollar), «Azərbaycan-transqafqaz dəmir yolu şəbəkəsinin yenidən qurulması» (20,2 mln. dollar) və «Böyük Bakının su təchizatı sisteminin yaxşılaşdırılması» (22,7 mln. dollar) layihələrinin maliyyələşdirilməsi məqsədilə alınmış 4 kredit tam olaraq AYİB-ə qaytarılıb.
Bundan başqa, AYİB tərəfindən Azərbaycana 1992-2011-ci illərdə ümumi məbləği 25,811 mln. avro (34,431 mln. dollar) olan 117 qrant ayrılıb ki, qrantlar əsasən maliyyə, sənaye, ticarət və aqrobiznes, energetika və infrastruktur sahələrinə yönəldilib. Bunlardan, 22,131 mln. avro (29,523 mln. dollar) dəyərində 87 qrant layişəsinin icrası başa çatdırılıb, 3,678 mln. avro (4,908 mln. dollar) dəyərində 30 qrant layihəsinin icrası isə hazırda davam etdirilir.
Xatırladaq ki, AYİB əsas diqqətini dayanıqlı maliyyə sektorunun inkişaf etdirilməsinə, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsinə və qeyri-neft özəl sektorun inkişaf etdirilməsinə yetirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR