Bank Of Baku

Azərbaycanın maliyyə naziri Vaşinqtonda Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun rəsmiləri ilə görüşlər keçirib

Azərbaycanın maliyyə naziri Vaşinqtonda Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun rəsmiləri ilə görüşlər keçirib
# 21 aprel 2012 12:07 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın maliyyə naziri Samir Şərifov Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Vaşinqtonda yerləşən mərkəzi ofislərində bir sıra işgüzar görüşlər keçirib. Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Dünya Bankının Şərqi Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Filip Le Ueru ilə görüşdə Azərbaycandakı sosial-iqtisadi inkişaf, ölkənin davamlı iqtisadi artım və diversifikasiyası, Dünya Bankı tərəfindən Azərbaycanda maliyyələşdirilən layihələrin hazırkı icra vəziyyəti və ölkə üzrə yeni iqtisadi inkişaf strategiyasının müxtəlif istiqamətləri müzakirə olunub.

Qeyd olunub ki, Azərbaycanda qeyri-neft sektorunun sürətli inkişafı ölkədə həyata keçirilən birgə layihələrin əhəmiyyətini daha da artırır. Görüşdə tərəflər arasında əməkdaşlığın yaxşı səviyyədə olduğu vurğulanıb və Azərbaycanda son illər əldə edilən uğurlar və gələcəkdə görüləcək işlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Əsəd Alam ilə görüşdə isə Bank tərəfindən Azərbaycanda həyata keçirilən layihələrin icra vəziyyəti müzakirə edilib.

Maliyyə naziri S.Şərifov BVF-nin icraçı direktorunun müavini xanım Nemat Şafik və Fondun Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Məsud Əhməd ilə də ayrı-ayrılıqda görüşlər keçirib. Görüşlər zamanı Azərbaycanda 2011-ci ilin iqtisadi yekunları və 2012-ci ilin prioritetləri, makroiqtisadi vəziyyət və maliyyə sektorunun mövcud vəziyyəti müzakirə olunub.

BVF rəsmiləri Azərbaycanda müşahidə olunan iqtisadi artımı, makroiqtisadi və maliyyə sabitliyini müsbət qiymətləndiriblər.

S.Şərifov həmçinin Azərbaycanı Dünya Bankında təmsil edən isveçrəli icraçı direktor Yorq Friden və ölkəmizi BVF-nin İcra Ofisində təmsil edən icraçı direktor Rene Verber ilə də işgüzar görüşlər keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR