Azərbaycan «Təminatlı əqdlər haqqında» qanun layihəsinin qəbuluna hazırlaşır - MÜSAHİBƏ

Azərbaycan «Təminatlı əqdlər haqqında» qanun layihəsinin qəbuluna hazırlaşır - <font color=red>MÜSAHİBƏ</font>
# 05 iyun 2012 08:00 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycanda Rəqabətlilik və Ticarət Layihəsinin baş hüquqşünası Leyla Məmmədovanın «APA-Economics»ə müsahibəsi

- «Təminatlı əqdlər haqqında» qanun layihəsinin hazırlanması hansı zərurətlə bağlıdır? Ümumiyyətlə, «təminatlı əqd» nədir və bu institutun yaradılması nəyə və kimlərə xidmət edir?

- Bu gün Azərbaycanda kiçik və orta sahibkarlığın əsas və ən mühüm problemlərindən biri onların girov qoyacağı əmlakın (təminatın) yetərsiz və qeyri-likvid olması nəticəsində kredit təşkilatları tərəfindən sifarişlərinin təmin edilməməsi və ya kredit riskləri yüksək olduğundan, yüksək faizlə kredit verilməsi ilə üzləşmələridir. Bu cür neqativ halların aradan qaldırılması məqsədilə müasir beynəlxalq təcrübədə «təminatlı əqd» adlı məfhum və müvafiq işlək mexanizm yaradılıb.

«Təminatlı əqd» - girov qoyan (borclu) və girov saxlayan (kreditor) arasında bağlanan və girov qoyan tərəfindən kreditin təmin edilməsi məqsədilə girov saxlayana dövlət qeydiyyatına alınmayan daşınar əmlak üzərində sərəncam vermək hüququnu verən (avadanlıq və digər inşaat materialları, istehlak malları, potensial məhsul, o cümlədən kənd təsərrüfatı məhsulları, mal-qara və s.) və digər hüquqları (debitor borc üzrə tələb hüququ, əqli mülkiyyət hüququnun nəticələrindən istifadə hüququ və s.) güzəşt edən əqddir.

Başqa sözlə, təminatlı əqd girov qoyana qeyri-ənənəvi daşınar əmlakı girov qoymaqla, kredit təşkilatlarından əlverişli faiz dərəcəsi ilə kredit almaq imkanı verir, kredit təşkilatlarının isə kredit vermə imkanlarını və istəklərini artırır.

- Məlum olduğu kimi, Azərbaycanın mövcud qanunvericiliyində əqdlərlə bağlı münasibətlər Mülki Məcəllənin müvafiq maddələri ilə tənzimlənir. Bunu nəzərə alaraq, Sizcə, ölkədə «Təminatlı əqdlər haqqında» sahə qanununun qəbul edilməsi nə dərəcədə aktualdır?

- Doğrudur, hazırda Azərbaycan Respublikasının Mülki Məcəlləsində əqdlərlə bağlı münasibətləri tənzimləyən müvafiq bölmə mövcuddur. Buna baxmayaraq, ölkədə «Təminatlı əqdlər haqqında» sahə qanununun qəbul edilməsi Mülki Məcəllədə əks olunan bu ümumi müddəaları heç də təkzib etməyəcək, əksinə Məcəllənin əqdlərə dair müddəalarını daha geniş və dəqiq şəkildə tamamlayacaq. Eyni zamanda, burada əsas məsələ girov hüququna münasibətdə bu iki qanunvericilik aktının qarşılıqlı əlaqəsindən ibarət olacaq.

Belə ki, hazırda Mülki Məcəllə girov müqaviləsinin forması və məzmunu, digər təminat hüquqlarının məzmunu və daşınar əşyaların anlayışını müəyyən edərkən, «Təminatlı əqdlər haqqında» qanun daha xüsusi məsələləri, yəni dövlət qeydiyyatına alınmayan daşınar əmlakın və digər təminat hüquqlarının bəyan edilməsi (qeydiyyatı) və qeyd olunanlar üzərində üstünlük hüququnun müəyyən edilməsi məsələlərini önə çəkəcək.

- Sizin fikrinizcə, «Təminatlı əqdlər haqqında» qanunun qəbul edilməsi kreditorun, yoxsa borclunun maraqlarını daha çox müdafiə edəcək?

- Olduqca vacib bir məqama toxundunuz. Təminatlı əqdlərin unikallığı ondan ibarətdir ki, bu qanunun qəbul edilməsi hər iki tərəf üçün, yəni həm girov qoyan (borclu), həm də girov saxlayan (kreditor) üçün çox faydalı olacaq.

Belə ki, Qanunun qəbul edilməsində əsas məqsəd kredit risklərinin aşağı salınmasıdır ki, bu da kredit təşkilatları üçün kreditin verilməsi üçün ən mühüm şərtdir. Yəni, kredit riskləri nə qədər az olarsa, kreditin verilməsi imkanları bir o qədər artacaq, bu isə öz növbəsində borclunun kreditdən faydalanması imkanlarını bir o qədər artıracaq.

- Sizcə, «Təminatlı əqdlər haqqında» qanunun qəbul edilməsi ölkədə yalnız kiçik və orta sahibkarlığın, yoxsa hər bir vətəndaşın kredit almaq imkanlarını asanlaşdıracaq?

- Təminatlı əqdlər sisteminin əsas məqsədi ənənəvi girov əşyalarına malik olmayan sahibkarlara, xüsusən də kiçik və orta sahibkarlara, onların mülkiyyətində olan daşınar əmlakı və digər hüquqları girov qoymaqla, kredit almaq imkanlarının genişləndirilməsi və asanlaşdırılmasıdır.
Lakin, bu o demək deyil ki, digər fiziki və hüquqi şəxslər bu qanunun əsas töhfəsindən, yəni kredit mənbələrinə çıxış imkanlarından kənarda qalacaqlar. Məlum olduğu kimi, hazırda girov münasibətlərinin tərəfi olan girov qoyan (borclu) qismində yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs deyil, istənilən şəxs çıxış edə bilər. Məsələn, bu gün kreditin əldə edilməsi məqsədilə istənilən vətəndaşın şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyasının lombardda girov qoyulması və ya bankda avtomobilinin girov qoyulması yolu ilə girov münasibətlərində iştirak etmək və kredit almaq hüququ mövcud qanunvericilikdə kifayət qədər əks olunub.

- «Təminatlı əqdlər haqqında» qanunun gətirəcəyi əsas yenilik nədən ibarət olacaq?

- Qanunun əsas gətirdiyi yenilik ölkədə dövlət qeydiyyatına alınmayan daşınar əmlakın girov hüququnun və digər müvafiq hüquqların reyestrinin fəaliyyət göstərməsi olacaq. Bu məqsədlə aidiyyəti icra hakimiyyəti orqanı yanında bu cür dövlət reyestri yaradılmalı, onun işlək fəaliyyət mexanizmi, o cümlədən iş rejimi, məlumatların ötürülməsi qaydaları qanunvericilikdə dəqiq müəyyən edilməlidir. Reyestr elektron formatda və istənilən şəxs üçün açıq olmalıdır.

- Bəs qabaqcıl beynəlxalq təcrübədə bu cür reyestr hansı qurumlar tərəfindən aparılır?

- Bu məsələ ilə bağlı beynəlxalq təcrübədə müxtəlif yanaşmalar mövcuddur. Bəzi ölkələrdə dövlət qeydiyyatına alınmayan daşınar əmlakın girov hüququnun və digər müvafiq hüquqların dövlət reyestri Mərkəzi Bank, bəzilərində Ticarət Nazirliyi, bəzilərində isə Ədliyyə Nazirliyi tərəfindən aparılır. Lakin, sözügedən reyestrdə əks olunan məlumatların toplanmasına, tamlığına və dəqiqliyinə, eləcə də həmin məlumatların məxfiliyinə, mühafizəsinə və istifadəsinə cavabdeh qurum kimi birmənalı olaraq müvafiq dövlət qurumu çıxış edir.

- Dövlət qeydiyyatına alınmayan daşınar əmlakın girov hüququnun və digər müvafiq hüquqların dövlət reyestrinin yaradılmasının zəruriliyi barəsində oxucularımızı ətraflı məlumatlandıra bilərsinizmi?

- Böyük məmnuniyyətlə. Avtomobillərin, binaların və torpağın dövlət reyestrində qeydiyyatı aparıldığı kimi, həmçinin «Təminatli əqdlər haqqında» qanunun qəbulu ilə dövlət qeydiyyatına alınmayan daşınar əmlakın və onlardan irəli gələn əlaqəli hüquqların xüsusi reyestrinin yaradılması da mühüm şərtdir. Bu reyestrdə qeydiyyat girov qoyulan əmlakın «bəyan edilməsi», onun üzərində fiziki sahibliyin və nəzarətin təsdiq edilməsi və bütövlükdə kreditə alınmış əşyanın girov hüququnun avtomatik tamamlanması deməkdir.

Məsələn, mən kompüter mağazasının sahibiyəm və ticarətin zəif olduğu aylarda işçilərin aylıq əmək haqlarını vaxtında ödəmək məqsədilə bankdan kredit götürmək istəyim ola bilər. Mənim mülkiyyətimdə mağazadakı kompüter, printer, kseroks və digər avadanlıqlardan başqa heç bir əmlak yoxdur və işlətdiyim mağazanı da icarəyə götürmüşəm. Mövcud təcrübə və tənzimləyici çərçivə nəzdində çox az bank tapılar ki, mənim yuxarıda sadalanan əmlakımın girov kimi qəbul edilməsi müraciətimi ciddi qəbul etsin. Lakin, təklif olunan yeni Qanun bunu reallığa çevirmək imkanı verəcək. Belə ki, bank kreditin verilməsi zamanı müvafiq icra hakimiyyəti orqanı yanında dövlət qeydiyyatına alınmayan daşınar əmlakın girov hüququnun və digər müvafiq hüquqların dövlət reyestrində axtarış edərək, mənim təklif etdiyim əmlakın doğurdan da mənə məxsus olub-olmamasını, eləcə də həmin əmlakın əvvəllər başqa birisinə girov qoyulmadığını müəyyən etdikdən sonra, əmlak üzərində öz hüquqlarını reyestrdə bəyan edəcək və bununla da həmin əmlak üzərində üstünlük hüququnu təmin edəcək. İstənilən zaman bank və ya mən özüm internet vasitəsilə reyestrdə adımı və ya şəxsi bəyan etmə nömrəmi axtarışa verməklə, reyestrin məlumat bazasında olan lazımi məlumatları çıxarış/arayış şəklində əldə edə biləcəyik. Bunlar isə kreditin əldə edilməsi məqsədilə əmlakın girov qoyulmasının mühüm təminatlarıdır.

Beləliklə, bu cür reyestrin yaradılmasının zəruriliyi tərəflər üçün məhkəmə mübahisələri zamanı həmin əmlak üzərində üstünlük hüququnun (eyni daşınar əmlak üzərində bir neçə kreditorun marağı zamanı təminat predmeti üzrə tələbin birincilik hüququ) müəyyən edilməsi və sahibliyin təsdiq edilməsi, habelə kredit risklərinin azaldılması və kreditlərin ödənilməsinə müvafiq təminatların yaradılması olacaq.

- Çəkdiyiniz misaldan bir sual yaranır: bəs sahibkarın mülkiyyətində olan əmlak satıldıqca, kredit təminatı qismində hansı əmlak çıxış edəcək?

- Beynəlxalq təcrübədə təminatlı əqdlərin predmeti kimi çıxış edən daşınar əşyaların digər əmlakın, misal üçün avtomobillərin, girovdan çıxarılaraq özgəninkiləşdirilməsindən fərqi ondan ibarətdir ki, burada daha sadələşdirilmiş və vaxta qənaət baxımından daha səmərəli mexanizm tətbiq olunur. Belə ki, «dəyişən əşyalar üzərində hüquqlar» prinsipinə əsaslanaraq sahibkarın (girov qoyanın) satılan kompüterlərinin əvəzinə yeni alınanlar üzərində bankın (kreditorun) üstünlük hüququ avtomatik olaraq müəyyən olunur. Bu səbəbdən də bəzi ölkələrdə bu mexanizm «girovun əvəzlənməsi» adlanır.

- Beynəlxalq təcrübədə müasir təminatlı əqdlər sistemi necə tənzimlənir? Bu sahədə hansı qanunlar mövcuddur?

- Qeyd etmək istərdim ki, qabaqcıl beynəlxalq təcrübədə təminatlı əqdlər haqqında qanunvericilik aktları 1850-ci illərdən başlayaraq ilk olaraq ABŞ və Kanadada qəbul edilməyə başlanıb. Həmin normativ aktlar daha çox «Girov haqqında qanun» və ya «Üstünlük hüququ haqqında qanun» kimi qəbul edilib.

Sonradan bu prosesə Yeni Zelandiya, Avstraliya, Sakit Okean dövlətləri, Cənubi və Cənub-Şərqi Asiya, Cənubi Amerika dövlətləri qoşularaq, təminatlı əqdlərin tənzimlənməsində qanunlar və müvafiq islahatlar həyata keçirməyə başlayıb.

Artıq bu gün dünyanın bir çox ölkələrində təminatlı əqdlər geniş tətbiq olunaraq iqtisadiyyata, xüsusilə də kiçik və orta sahibkarlığın inkişafına müsbət töhfələr verməkdədir. Buna misal olaraq, Avropa Yenidənqurma və İnkişaf Bankının fəaliyyət göstərdiyi 26 ölkənin (Mərkəzi və Şərqi Avropa, postsovet ölkələri) qanunvericiliyində təminatlı əqdlərlə əlaqədar müvafiq qanunlar və ya müddəalar qəbul edilərək bu ölkələrdə biznes mühitinin inkişafına təkan verməsini göstərmək olar.

- Azərbaycanda «Təminatlı əqdlər haqqında» qanun layihəsinin hazırlanması istiqamətində artıq hansı tədbirlər görülüb və ümumiyyətlə bu sahədə Sizin gələcək gözləntilər nədən ibarətdir?

- «Təminatlı əqdlər haqqında» qanun layihəsinin hazırlanmasına ilk olaraq ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) kiçik və orta sahibkarlığın maliyyə mənbələrinə çıxışın əldə edilməsini dəstəkləyən layihəsi çərçivəsində başlanıb. Sonradan bu qanun layihəsinin hazırlanması istiqamətində Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən bir sıra zəruri tədbirlər həyata keçirilib, bu yaxınlarda isə USAID və IFC tərəfindən bu qanun layihəsinin cəmiyyətdə təşviqi istiqamətində birgə tədbirlər görülüb. Bütün bunların nəticəsi olaraq, Azərbaycan Mərkəzi Bankı həmin qanun layihəsinin bu iki beynəlxalq donor təşkilatı ilə birgə təkmilləşdirilməsinə böyük maraq göstərib.

Qanun layihəsi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmayan daşınar əmlakın və digər hüquqlar üzərində girov və digər təminatlar üzrə hüquqların yaranması, qeydiyyatı, həyata keçirilməsi və xitam verilməsi qaydalarını, üstünlük hüququnun müəyyən edilməsini, tərəflərin hüquq və vəzifələrini, habelə digər əlaqədar münasibətlərin tənzimlənməsini nəzərdə tutur.

Hesab edirəm ki, belə bir qanunun qəbul edilməsi Azərbaycanda da təminatlı əqdlər üçün çevik sistemin formalaşdırılmasına və ümumilikdə investisiya mühitinin daha da yaxşılaşdırılmasına təkan verəcək.
Bütövlükdə isə, Qanunun qəbul edilməsi girov qoyula bilən əmlakın sayını, kredit təşkilatlarının kredit vermə imkanları və istəklərini artırmaqla və kredit risklərini, girovun rəsmiləşdirilməsi xərclərini azaltmaqla, ölkədə kiçik və orta sahibkarların kredit almaq imkanları genişləndirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR