Azərbaycanda İcbari Sığorta Bürosu avtoqəzalarda zərər çəkmiş şəxslərə kompensasiya ödəməyə başlayıb

Azərbaycanda İcbari Sığorta Bürosu avtoqəzalarda zərər çəkmiş şəxslərə kompensasiya ödəməyə başlayıb
# 28 iyun 2012 15:15 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. İcbari Sığorta Bürosu (İSB) tərəfindən yol-nəqliyyat hadisələri nəticəsində sağlamlığına zərər dəymiş şəxslərə kompensasiya ödənişlərinin həyata keçirilməsinə başlanılıb.

İSB-dən «APA-Economics»ə verilən məlumata görə, büro bu il aprelin 4-dən etibarən baş vermiş yol-nəqliyyat hadisələri üzrə sağlamlığına zərər dəymiş şəxslərə kompensasiya ödənişlərinin həyata keçirilməsinə başlayıb.

Bürodan bildirilir ki, şəxsin sağlamlığına naməlum avtonəqliyyat vasitəsilə zərər vurulduqda, həmçinin icbari sığorta müqaviləsi mövcud olmayan şəxs tərəfindən avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxsin sağlamlığına zərər vurulduqda (zərərçəkənin zərərin əvəzinin ödənilməsi ilə bağlı zərərvurana qarşı irəli sürdüyü tələb təmin edilmədikdə), zərərçəkən şəxslər (onların öldüyü halda ailə üzvləri) kompensasiya ödənişi almaq üçün İSB-yə müraciət edə bilərlər.

Kompensasiya ödənişlərinin alınması ilə bağlı daha ətraflı məlumatı Büronun rəsmi internet səhifəsindən (www.isb.az) və ya (012) 595-00-20 telefon nömrəsinə zəng etməklə əldə etmək olar.

Qeyd edək ki, rəsmi statistikaya görə, cari ilin yanvar-may ayları ərzində ölkə ərazisində 1035 yol-nəqliyyat hadisəsi baş verib ki, bunların da nəticəsində 313 nəfər həlak olub, 1144 nəfər yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR