"Azərbaycanda vençur fondlarının yaradılmasına dair qanunvericilik aktları işlənilir".
"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov deyib.
Onun sözlərinə görə, bu qanunvericilik aktlarının yaxın zamanda qəbul edilməsi gözlənilir.
"Vençur fondlarının startapların inkişafına çox böyük təsiri var. Burada əsas məsələlərdən biri maliyyələşmə mexanizmlərin olmasıdır və vençur fondları maliyyələşmə mexanizmi olaraq hazırda dünyada önəmli maliyyələşmə mexanizmlərdən biri rolunu oynayır. “INNOLAND” olaraq biz Azərbaycan startaplarının müxtəlif dünya ölkələrinin bazarlarına, startap mərkəzlərinə çıxışını təmin edirik və bu günədək 750 min manatadək investisiya cəlb edilib ki, onun da təxmini 30%-i xarici investisiyaların payına düşüb", - deyə C. Salmanov qeyd edib.
Agentliyin sədr müavini əlavə edib ki, ölkədə vençur fondlarının yaradılmasına dair qanunvericiliyin hazırlanması və inkişafı ölkədə startap hərəkatına çox böyük təkan verəcək.
"Bu baxımdan artıq işlərə başlanılıb, müəyyən layihələr işlənilib və aidiyyəti dövlət orqanları ilə birlikdə bu istiqamətdə işlər aparılır. Söhbət vençur fondlarının yaradılması necə həyata keçiriləcək, fondlara güzəştlər necə olacaq, fondlar tərəfindən maliyyələşdirmə necə həyata keçiriləcək və bu investisiyaların gələcəkdə qorunması necə təşkil olunacağında gedir. Bu məsələləri özündə ehtiva edən qanunvericilik aktları işlənilir və yəqin ki, yaxın zamanda həmin qanunvericilik aktlarının qəbul edilməsi həyata keçiriləcək", - deyə C. Salmanov əlavə edib.