Azərbaycanda tranzit daşımalarının səmərəliliyinin artırılması məqsədilə sərhəd-keçid infrastrukturu modernləşdirilir, gömrük prosedurları sadələşdirilir və dövlət qurumları arasında məlumat mübadiləsi təkmilləşdirilir.
Bu barədə “APA-Economics” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.
“Ölkə ərazisində avtomobil nəqliyyatı vasitələrinin keçidi mümkün olan 12 aktiv sərhəd-keçid məntəqəsi fəaliyyət göstərir ki, onların bir istiqamət üzrə ümumi sutkalıq buraxılış qabiliyyəti 4,350 nəqliyyat vasitəsi təşkil edir”, - məlumatda vurğulanır.
Qeyd olunur ki, son illərdə Azərbaycan–Rusiya sərhədində “Xanoba”, Azərbaycan–İran sərhədində isə “Astara” modul tipli sərhəd-buraxılış məntəqələri istifadəyə verilib. Bu tədbirlər sərhədlərdə nəqliyyat axınlarının daha səmərəli idarə olunmasına və beynəlxalq nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətinin artırılmasına xidmət edir.
“Tranzit daşımalarının səmərəliliyinin artırılmasında mühüm istiqamətlərdən biri nəqliyyat və logistika proseslərinin rəqəmsallaşdırılmasıdır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən yaradılan “Bir Pəncərə” İnformasiya Sistemi – Rəqəmsal Logistika Platforması bu istiqamətdə atılan mühüm addımlardandır. Platforma sənəd dövriyyəsini sürətləndirir, prosedurları sadələşdirir və biznes üçün daha çevik logistika ekosistemi formalaşdırır. Növbəti mərhələdə platformanın Orta Dəhliz üzrə tərəfdaş ölkələrin analoji sistemləri ilə inteqrasiyası nəzərdə tutulur ki, bu da marşrut boyunca səmərəliliyi daha da artıracaq”, - məlumatda bildirilir.