Dünya Bankı (DB) bu il Azərbaycanın tədiyə balansının xalis maliyyə öhdəliklərinin profisitinin ÜDM-dəki payının 1,4% təşkil edəcəyini proqnozlaşdırır.
"APA-Economics"in DB-nın Avropa və Mərkəzi Asiya üzrə dərc etdiyi yenilənmiş hesabatına istinadən verdiyi məlumata görə, 2021-ci il üçün verilən proqnoz da 1,4%-ə bərabərdir. Bank 2022-ci ildə isə bu göstəricinin cüzi azalaraq 1,2%-ə enəcəyini gözləyir.
Qeyd edək ki, tədiyə balansının xalis maliyyə öhdəlikləri Azərbaycana cəlb olunmuş birbaşa investisiyalarının, cəlb olunmuş investisiyaların repatriasiyasının, neft bonusunun, portfel investisiyalarının, törəmə maliyyə alətlərinin və digər investisiyaların balansıdır.
Xatırladaq ki, 2019-cu ildə Azərbaycanın xalis maliyyə öhdəliklərinin profisiti 1 385,9 mln. ABŞ dollarına və ya ÜDM-in 2,9%-nə bərabər idi. Bu ilin ilk yarısında isə xalis maliyyə öhdəliklərində 145,6 mln. dollarlıq və ya ÜDM-in 0,7%-i qədər kəsir yaranıb.