Dünyanın ən zəngin insanlarının 2020-ci ildəki sərvəti tarixi maksimumu yeniləyərək 10,2 trln. ABŞ dollarına çatıb. Artım aprel-oyul ayları arasında koronavirus pandemiyası şəraitində baş verib. Belə ki, pandemiya texnoloji və əczaçılıq sahəsində fəaliyyət göstərən şirkətlərə əlavə təkan verib.
"APA-Economics"in RİA "Novosti"yə istiadən verdiyi məlumata görə, bu barədə PwC və UBS şirkətlərinin birgə araşdırmasında deyilir.
"İyulun sonunda milyarderlərin sərvəti 10,2 trln. dollara çataraq yeni bir rekorda imza atıb. Bu, 2017-ci ilin sonunda qeydə alınmış 8,9 trln. dollarlıq pik dəyərdən çoxdur. Dünyada hazırda 2 189 milyarder var, 2017-ci ildə isə onların sayı 2 158-ə bərabər idi”, - araşdırmada deyilir.
PwC və UBS iki əsas meyarı qeyd edib: 7 aprel 2020-ci il tarixinə dünyada 2 058 milyarder var idi ki, bu da illik ifadədə 43 nəfər azdır, onların sərvəti isə 8 trln. dollara bərabər olub. Lakin iyulun 31-dək onların sərvəti 27,5% artaraq yeni bir tarixi maksimuma çatıb.
Araşdırmada həmçinin qeyd olunub ki, texnologiya şirkətləri bugünkü "iqtisadi inqilab"ın liderlərinə çevrilir. Beləliklə, 2017-2019-cu illərdə və 2020-ci ilin ilk bir neçə ayı ərzində texnologiya, səhiyyə və sənaye sahəsindəki sahibkarlar liderlik edib və COVID-19 pandemiyası onlara liderliklərini möhkəmləndirməyə kömək edib.
"Alimlər, proqramçılar və kompüter mühəndisləri sektorlarda misli görünməmiş dərəcədə inqilab edir. Fəallıq texnologiya və səhiyyədən yayılır, iqtisadiyyatın bir çox sahəsini dəyişir. Dəyişikliyi stimullaşdırmaq üçün yeni texnologiyalar tətbiq etdikdə bəziləri milyarder olur", - araşdırmada bildirilir.