"Bu ilin ilk 11 ayında Azərbaycanın əkiz balansı sayılan həm tədiyyə balansı, həm də dövlət büdcəsinin balansında profisit var".
"APA-Economics"in məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “İslahat icmalı” dövlət idarəetməsində aparılan islahatlara həsr olunan mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu, ölkədə bütövlükdə strateji valyuta ehtiyatlarının artıq 50 mlrd. ABŞ dollarına yaxınlaşması və Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) ötməsi fonunda çox müsbət nəticədir: "Digər tərəfdən, məhz əkiz balansların, tədiyyə balansının da, dövlət büdcəsi balansının müsbət mənada profisitə malik olması Azərbaycanda fiskal dayanıqlığın olduğunu göstərir. Manatın sabitliyi, eyni zamanda baxmayaraq ki, inqilabi sosial paket həyata keçirilir, inflyasiyanın dayanıqlı və nəzarətdə olmasını göstərir".
V. Qasımlı bildirib ki, bu il inqilabi sosial paket üçün 2,3 milyard manat vəsait xərclənib: "İnqilabi sosial paket həyata keçirilərkən bəzi opponentlər məsələ qaldırdılar ki, belə paket həyata keçirilən zaman ölkədə inflyasiya sürətlənəcək. Amma inflyasiya tam nəzarət altındadır, çünki ölkənin iqtisadiyyatı inkişaf edir".
İcraçı direktor bildirib ki, bu gün Azərbaycanın qeyri-neft sektorunun inkişafı 3,5% həddindədir: "Bu, dünyada orta iqtisadi artım tempini üstələyir. Yəni iqtisadi artım tempinə uyğun olaraq islahatların, o cümlədən sosial islahatların həyata keçirilməsi inflyasiyanın nəzarətdə olmasına imkan yaradır".