AİB Azərbaycan manatı ilə 19,5 milyonluq istiqraz buraxıb

AİB Azərbaycan manatı ilə 19,5 milyonluq istiqraz buraxıb
# 29 yanvar 2024 15:11 (UTC +04:00)

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın milli valyutası ilə ikinci gender istiqrazlarının buraxılması çərçivəsində 19,5 milyon manat (təxminən 11,5 milyon ABŞ dolları) cəlb edib.

Bu barədə "APA-Economics" AİB-ə istinadən xəbər verir. Məlumata görə, istiqraz Azərbaycan manatında olsa da, hesablaşma ABŞ dolları ilə aparılır və bu, beynəlxalq investorların cəlb edilməsini asanlaşdırır. İstiqrazların gəlirlilliyi 6,25%, tədavül müddəti 3 il, kupon ödənişi yarımildə 1 dəfə nəzərdə tutulub. İstiqrazların buraxılmasının əsas məqsədi qadınların kreditə çıxış imkanlarını artırmaq və kənd təsərrüfatı sektorunun inkişafına dəstək verməkdir.

Qeyd edək ki, istiqrazların kotirovkası Lüksemburq Fond Birjasında aparılır. Qiymətli kağızların emissiyası “Merrill Lynch International” tərəfindən təşkil olunub və istiqrazlar bir avropalı investor tərəfindən alınıb.

“İnvestorların milli valyutada olan istiqrazlara beynəlxalq səviyyədə tələbatı biz borclanma proqramımızın valyuta strukturunu genişləndirməyə çalışarkən AİB-in maliyyə resurslarının inkişaf etməkdə olan üzv ölkələrimizdə milli valyuta əməliyyatları üçün səfərbər edilməsində əsas rol oynayır”, - AİB-in xəzinədar köməkçisi Mariya Lomotan bildirib.

Xatırladaq ki, bu, Bankın Azərbaycan manatı ilə buraxdığı sayca üçüncü istiqrazdır. 2023-cü ildə bank iki istiqraz emissiyası vasitəsilə 8,4 milyon manat (4,9 milyon ABŞ dolları) və 14,5 milyon manat (8,5 milyon ABŞ dolları) cəlb edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR