Bu ilin yanvar ayında Almaniyada istehsalçı qiymətləri (PPI indeksi) keçən ilin eyni ayı ilə müqayisədə 25% artıb. Bu, 1949-cu ildən bəri rekord göstəricidir. Rekord artım enerji xərclərinin artması ilə əlaqədardır.
"APA-Economics" xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsinin (Destatis) məlumatında deyilir.
Qeyd olunur ki, istehsalçı qiymətləri ötən ay dekabr ayı ilə müqayisədə 2,2% artıb.
Analitiklər PPI indeksinin illik ifadədə 24,4 bənd, aylıq ifadədə isə 1,5% artacağını proqnozlaşdırırdılar.
Ardıcıl 13 aydır qiymətlər ildən-ilə sürətlənir və son yeddi ayda artım 10%-i ötür.
Yanvarda enerji qiymətləri illik ifadədə 66,7%, o cümlədən təbii qaz qiymətləri 119% artıb. Aralıq məhsulun dəyəri 20,7%, istehlak mallarının dəyəri 6,7% artıb.
Enerji istisna olmaqla, istehsalçı qiymətləri 2021-ci ilin yanvar ayı ilə müqayisədə 12%, dekabr ayı ilə müqayisədə isə 2,5% artıb.