Azərbaycanda daşınmaz əmlakın icbari sığortası ilə bağlı hazırlanan qanunvericilik layihəsi aidiyyəti dövlət qurumlarına təqdim olunub.
“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanov 2026-cı ilin birinci yarısının yekunlarına dair Maliyyə Sabitliyi Hesabatının təqdimatında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, qanunvericilik layihəsinin əsas məqsədi sığorta məbləğlərinin daha adekvat müəyyənləşdirilməsi və sığorta təminatının təkmilləşdirilməsidir.
V. Qurbanov qeyd edib ki, sığorta məbləğlərinin müəyyənləşdirilməsi zamanı sığorta haqlarının adekvatlığı da mühüm əhəmiyyət daşıyır. Bununla belə, hazırlanan layihədə sığorta tariflərinin artırılması nəzərdə tutulmur.
Yeni tənzimləmələr daşınmaz əmlakın dəyərinin daha düzgün qiymətləndirilməsinə və sığorta hadisəsi baş verdikdə təzminatın əmlakın real dəyərinə uyğun ödənilməsinə yönəlib.