Məktəblilər arasında rəqəmsal ödənişlər sahəsində savadlılıq artırılmasına çalışırıq.
"APA-Economics” xəbər verir ki, bunu Mərkəzi Bankın Bazar Davranışlarının Tənzimlənməsi Departamentinin Maliyyə məlumatlılığı və peşəkar inkişaf şöbəsinin rəisi İlahə Baxışova deyib.
O bildirib ki, hər gün milyonlarla insan rəqəmsal ödənişlər zamanı onlayn dələduzluğun qurbanı olur. Bu baxımdan hər il Mərkəzi Bank tərəfindən “Qlobal pul həftəsi" çərçivəsində məktəbli və gənclərin maliyyə savadlılığının artırılması üçün maarifləndirici tədbirlər keçirilir:
"Qlobal Pul Həftəsi uşaqların və gənclərin maliyyə savadlılığını artırmaq üçün keçirilən bir beynəlxalq təşəbbüsdür. Azərbaycanda bu həftə Mərkəzi Bankın təşkilatçılığı ilə hər il yüksək səviyyədə keçirilir və məktəblilər arasında pulun idarə edilməsi, büccə planlaması və rəqəmsəl maliyyə təhlükəsizliyi kimi məlumatlandırmalar aparılır.
Bu il Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Qlobal Pul Həftəsi” çərçivəsində "Rəqəmsal dünyada təhlükəsiz ödənişlər" mövzusunda məktəblilər arasında yarış təşkil edilib. Yarışda 10 məktəbdən, hər komandada 4 məktəbli olmaqla 40 şagird iştirak etmiş və hər komandaya 1 mentor müəllim dəstək göstərmişdir. Komandalar təqdim edilən mövzular çərçivəsində fərqli konsepsiyalarda (səhnəcik, mahnı, təqdimat və s.) məlumatlandırıcı çıxışlar etmişdir. Komadaların çıxışları Mərkəzi Bankın müvafiq mövzular üzrə rəhbər heyəti tərəfindən qiymətləndirilmişdir. Qiymətləndirmə əsasında qalib 3 komandanın müəllim və şagird heyətinə qiymətli hədiyyələr verilmiş və qalib sertifikatı ilə təltif olunmuşlardır. Həmçinin digər şagirdlərə də yarışda iştiraklarına görə sertifikat təqdim edilmişdir.
Tədbir interaktiv üsulla aparılmış və maraqlı anlarla yadda qalmışdır. Tədbirin əsas məqsədi uşaqlara erkən yaşlardan düzgün maliyyə vərdişləri formalaşdırmaq və gələcəkdə daha məsuliyyətli,savadlı və təhlükəsiz qərarlar verən vətəndaşlar yetişdirməkdir" - İlahə Baxışova əlavə edib.