“Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC 2023-cü ilin ilk yarısını 2,22 milyon manat xalis zərərlə bitirib. Halbuki, ASC 2022-ci ili 58,4 min manat xalis mənfəətlə başa vurmuşdu.
"APA-Economics" bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
“Aqrar İnnovasiya və Təchizat Şirkəti”nin bu ilin ilk altı ayında əsas əməliyyat gəlirləri 23,9 milyon manat, satışın maya dəyəri isə 21,1 milyon manat, ümumi mənfəəti isə 2,8 milyon manat təşkil edib. Ümumilikdə əməliyyatı 1,29 milyon manat mənfəətli olub. Bununla belə, digər kiçik xərclər istisna olmaq yüksək inzibatı xərclər şirkətin yarımili zərərlə bitirməsinə təsir edib. Belə ki, 2022-ci il üzrə şirkətin inzibati xərcləri 4,7 milyon manat olduğu halda, təkcə bu ilin ilk yarım ilində bu xərclər 3,4 milyon manat təşkil edib.
“Aqrar İnnovasiya və Təchizat Şirkəti” bu il 23%-dən çox kiçilib. Belə ki, iyulun 1-nə ASC-nin cəmi aktivləri 17,7 milyon manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 5,45 milyon manat azdır. Bu ilin ilk yarısını şirkətin xalis zərərlə bitirməsi onun cəmi kapitalına da mənfi təsir edib. Ümumilikdə, şirkətin cəmi kapitalı bu il iyulun 1-nə 41,9% və 2,5 milyon manat azalaraq 3,504 milyon manata enib. Bu dövrdə ASC-nin cəmi öhdəlikləri isə 17,2 milyon manatdan 14,3 milyon manata qədər azalıb.
Qeyd edək ki, “Aqrar İnnovasiya və Təchizat Şirkəti” aqrar kimyəvi məhsullar, gübrə və toxum satışını həyata keçirir.
YENİLƏNİB'>