"Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən alınmış problemli aktivlərin əvəzində mövcud qanunvericiliyə uyğun olaraq əldə edilmiş və balansında olan, balans dəyəri 1 (bir) milyon manatdan çox olan əmlakların, yerli və xarici aktivlərin və ya onlar üzrə borcların tələb hüquqlarının satılması və kənar idarəçilərə idarəetməyə verilməsi üzrə Müsabiqə Komissiyası yaradılıb.
APA xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalatıb. Qərara əsasən, Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı (bundan sonra - “Aqrarkredit” QSC) tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən alınmış problemli aktivlərin (borcların) əvəzində əldə edilmiş və balansında olan, Azərbaycan Respublikasının ərazisində və Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən, balans dəyəri1 (bir) milyon manatdan çox olan əmlakların, yerli və xarici aktivlərin və ya onlar üzrə borcların tələb hüquqlarının hərrac və müsabiqə yolu ilə satılması və kənar idarəçilərə idarəetməyə verilməsi, habelə ödənişində ciddi problemlər olan və ümidsiz hesab edilən yerli və xarici aktivlər üzrə borcların tələb hüquqlarının (bundan sonra - problemli əmlaklar və onlar üzrə tələb hüquqları) kollektor və hüquq şirkətlərinə, eləcə də ayrı-ayrı hüquqi və ya fiziki şəxslərə satılması, habelə investisiya layihələrinə iştirak payı kimi qoyulması və həmin payın sonradan satılması və ya professional idarəedən hüquqi şəxslərə idarəetməyə verilməsi üzrə əqdlərin bağlanılması barədə qərarların qəbul edilməsi məqsədilə aşağıdaki tərkibdə Problemli aktivlərin (əmlakların) və onlar üzrə tələb hüquqlarının satılması, idarəetməyə verilməsi və iştirak payı kimi qoyulması üzrə Müsabiqə Komissiyası yaradılıb və Komissiyanın tərkibi aşağıdakı kimidir:
Komissiyanın sədri
Azər Bayramov - Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Komissiyanın üzvləri:
Malik Vəliyev - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini, sədr vəzifəsini icra edən
Emil Məmmədov - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin maliyyə və təminat şöbəsi müdirinin müavini
Rəşad Zalov - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Strateji planlaşdırma və innovasiyalar şöbəsi müdirinin müavini
Natiq Quliyev - Azərbaycan Respublikası Mərkəzi Bankının Təhlükəsizlik Departamentinin problemli aktivlərlə iş şöbəsinin rəisi.
Qərara əsasən, Problemli aktivlərin (əmlakların) və onlar üzrə tələb hüquqlarının satılması, idarəetməyə verilməsi və iştirak payı kimi qoyulması üzrə Müsabiqə Komissiyasına tapşırılıb ki:
“Aqrarkredit” QSC-nin əsaslandırılmış təklifləri əsasında:
-problemli əmlakların və onlar üzrə tələb hüquqlarının hərrac və müsabiqə yolu ilə satılması, kollektor və hüquq şirkətlərinə, eləcə də ayrı-ayrı hüquqi və fiziki şəxslərə satılması, idarəetməyə verilməsi, habelə investisiya layihələrinə iştirak payı kimi qoyulması və həmin payın sonradan satılması və ya professional idarəedici hüquqi şəxslərə idarəetməyə verilməsi barədə qərarlar qəbul etsin;
- problemli əmlaklar və onlar üzrə tələb hüquqlarının hər hansı biri barədə satış qərarı qəbul edildikdə müvafiq əmlak üzrə seçilmiş nüfuzlu müstəqil qiymətləndiricinin rəyi nəzərə alınmaqla, əmlakın ilkin satış qiyməti barədə qərar qəbul etsin, habelə müsabiqə vasitəsilə satıldıqda müsabiqənin şərtlərini müəyyən etsin;
- əmlakların açıq hərraclarda satışı məqsədilə ixtisaslaşdırılmış hərrac təşkilatlarının seçilməsini təmin etsin, əmlak müsabiqə vasitəsilə satıldıqda müsabiqə haqqında elanların mediada yayılmasını təşkil etsin və müsabiqə qalibini müəyyən etsin;
- əmlakların kənar idarəçilərə idarəetməyə verilməsinin üsullarını (birbaşa müqavilə və ya müsabiqə əsasında), şərtlərini, tələblərini və müddətini, habelə müsabiqə qalibini müəyyən etsin;
- əmlakların növündən və mürəkkəbliyindən asılı olaraq, onların satılması və ya kənar idarəçilərin idarəetməsinə verilməsi zamanı muzdla kənar məsləhətçinin cəlb edilməsi barədə qərar qəbul etsin;
ipoteka (girov) predmeti olan və borc tələbi yönəldilmiş əmlakların satılması vəziyyəti ilə bağlı “Aqrarkredit” QSC-nin məlumatlarına baxsın və tövsiyələrini versin;
işini Müsabiqə Komissiyasının fəaliyyət qaydasına uyğun olaraq təşkil etsin və zərurət yarandıqda öz işinə dair reqlamentlər, həmçinin digər tənzimləyici qərarlar qəbul etsin.
“Aqrarkredit” QSC-yə tapşırılıb:
- problemli əmlakların və onlar üzrə tələb hüquqlarının satılması, idarəetməyə verilməsi və pay kimi qoyulması məqsədilə zəruri təşkilati və hazırlıq işləri aparsın, həmin əmlakların qiymətləndirilməsi vəsatışı üçün müstəqil qiymətləndirici, ekspert, əmlakın növündən və mürəkkəbliyindən asılı olaraq isə kənar məsləhətçi cəlb edilməsi ilə bağlı tədbirlər həyata keçirsin;
- hər bir əmlakın satışı üzrə tələb olunan məlumatları, o cümlədən əmlakın tərkibi, vəziyyəti, texniki parametrləri və ilkin satış qiymətinin formalaşmasına dair digər əsaslandırılmış göstəriciləri (qiymətləndirmə hesabatları daxil olmaqla) Müsabiqə Komissiyasına təqdim etsin;
- ipoteka (girov) predmeti olan və borc tələbi yönəldilmiş əmlakların satılması vəziyyəti ilə bağlı mütəmadi olaraq Müsabiqə
Komissiyasına məlumat versin;
- problemli əmlakların və onlar üzrə tələb hüquqlarının
satılması, idarəetməyə verilməsi və pay kimi qoyulması zamanı qanunvericiliyə uyğun olaraq tələb olunan hüquqmüəyyənedici sənədlərin hazırlanmasını təmin etsin, zərurət yarandıqda bu məqsədlə kənar hüquq məsləhətçilərini cəlb etsin;
- Müsabiqə Komissiyasının iclaslarının çağırılmasını və keçirilməsini təşkil etsin, iclasların nəticələrinin rəsmiləşdirilməsinə dair katiblik funksiyalarını həyata keçirsin.
Müsabiqə Komissiyası və “Aqrarkredit” QSC bu Qərardan irəli gələn məsələləri həll etsinlər.
Müsabiqə Komissiyası ildə bir dəfə görülmüş işlər barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə hesabat təqdim etsin.