Çin Ukraynada münaqişənin nəzarətdən çıxmasına və daha da gərginləşməsinə yol verilməməsinə çağırıb, böhranın siyasi yolla həllini dəstəklədiyini bildirib.
APA xəbər verir ki, bunu Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Sun Ley bəyan edib.
“Ukrayna böhranının daha da gərginləşərək nəzarətdən çıxmasına yol vermək olmaz. Bütün maraqlı tərəflər və beynəlxalq ictimaiyyət siyasi həll yolunun tapılması üçün birgə səy göstərməlidir”, – diplomat bildirib.
Onun sözlərinə görə, hazırda əsas vəzifə gərginliyin azaldılması, münaqişənin döyüş əməliyyatları zonasından kənara yayılmasının qarşısının alınması və eskalasiyaya yol verilməməsidir.
Sun Ley qeyd edib ki, tərəflər arasında ciddi fikir ayrılıqları davam etsə də, son vaxtlar müəyyən təmaslar baş tutub.
“Ümid edirik ki, maraqlı tərəflər təmasları davam etdirəcək, siyasi iradə nümayiş etdirəcək, mərhələli şəkildə ortaq mövqeyə gələcək və hərtərəfli, davamlı, hüquqi baxımdan məcburi sülh sazişinin əldə olunması üçün birgə çalışacaqlar”, – o vurğulayıb.
Çinli diplomatın fikrincə, Rusiya və Ukraynanın dinc yanaşı yaşaması yeganə real çıxış yoludur.
O, həmçinin tərəflərin təhlükəsizlik sahəsində qanuni narahatlıqlarının nəzərə alınmasına, böhranın köklü səbəblərinin aradan qaldırılmasına və balanslaşdırılmış, effektiv və dayanıqlı regional təhlükəsizlik arxitekturasının yaradılmasına çağırıb.