"Aqrarkredit" QSC-nin kredit portfeli artırılacaq və bu maliyyə resursları Azərbaycanın bütün kəndlərində fəaliyyət göstərən sahibkarlara əlçatan olacaq.
"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan "Aqrarkredit" QSC-nin İdarə Heyətinin sədri Məmməd Musayev deyib.
Onun sözlərinə görə, bu sahədə İqtisadiyyat və Maliyyə nazirlikləri ilə sıx əməkdaşlıq davam etdiriləcək.
"Hazırda ölkə üzrə vaxtı keçmiş kreditlərin faizi təxminən 12%-dir, lakin bizdə bu göstərici 8,9% təşkil edir. Məhz bunun nəticəsi olaraq ÜDM-də kənd təsərrüfatının payı artır və ümumilikdə sahə üzrə artım müşahidə olunur. Bu gün kənd təsərrüfatı sahəsinin artım tempi 7% təşkil edir. Biz çalışacağıq ki, bu göstərici bizim maliyyə dəstəyimiz sayəsində bir qədər də artsın", - deyə M. Musayev qeyd edib.