Avropa Komissiyası cari il üçün Avropa İttifaqı (Aİ) və Avrozona iqtisadiyyatlarının artımı ilə bağlı proqnozunu endirib.
"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, Avropa Komissiyası bu il Aİ iqtisadiyyatının 4%, 2023-cü ildə isə 2,8% artacağını proqnozlaşdırır. Avrozona iqtisadiyyatı üzrə isə artım gözləntiləri müvafiq olaraq 4% və 2,7%-dir.
Qeyd edək ki, Komissiyanın ötən ilin noyabr ayında açıqladığı proqnozda Aİ iqtisadiyyatının builki iqtisadi artımı 4,3%, 2023-cü ildə isə 2,5% səviyyəsində proqnozlaşdırılırdı. Avrozona isə ÜDM-in artım tempinin bu il 4,3%, gələn il isə 2,4% olacağı vəd olunurdu.
Avropa Komissiyası bildirir ki, 2021-ci ilin III rübündə Avrozona ölkələrinin ümumi ÜDM həcmi pandemiyadan əvvəlki səviyyəyə qayıdıb, 2022-ci ildə isə bütün Aİ ölkələrin iqtisadiyyatları tam bərpa olunacaq. İqtisadi artım templərinin yavaşlamasına səbəb olacaq amillərə isə hələdə davam edən COVID-19 pandemiyası, təchizat zəncirlərndəki problemlər və enerji qiymətlərinin artımından qaynaqlanan inflyasiya təzyiqləri aid edilir.