Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) 60 milyon ABŞ dolları həcmində uzunmüddətli krediti təsdiq edib.
Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq Bankdan bildirilib. Qeyd edilib ki, bununla bağlı qərar Bankın Direktorlar Şurası tərəfindən verilib. ASCO ilə AYİB arasında aparılan danışıqlar başa çatdıqdan sonra layihə sənədi imzalanacaq.
AYİB-dən bildirilib ki, uzunmüddətli kredit müqaviləsinin ən qısa zamanda imzalanacağı gözlənilir.
Məlumat üçün deyək ki, uzunmüddətli kredit ASCO-nun beynəlxalq sularda fəaliyyətini genişləndirmək strategiyasına uyğun olaraq iki yük gəmisinin alınması üçün nəzərdə tutulub.
"Bu layihə ASCO-ya Xəzər dənizindən kənarda beynəlxalq sularda ticarət donanması əməliyyatlarını genişləndirməyə, regional kommunikasiyaları və ticarət əlaqələrini yaxşılaşdırmağa kömək edəcək. Bundan başqa, layihə ASCO-ya tranzit yüklərinin daşınmasını artırmağa, marşrut istiqamətlərinin şaxələndirilməsi üçün əlavə gəmilərin alınması ilə rəqabətqabiliyyətliliyi yüksəltməyə, həmçinin şirkətin beynəlxalq sularda olan gəlirlərini artırmaqla Orta Dəhlizdə nəqliyyat əlçatanlığını asanlaşdırmağa imkan verəcək" - AYİB-in açıqlamasında əlavə edilib.