Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Gəncə şəhərində bərk tullantıların toplanması infrastrukturunun modernləşdirilməsi (tullantıların toplanması və küçələrin təmizlənməsi üçün maşınlar və konteynerlər) məqsədilə Azərbaycan hökumətinə 10 mln. avro məbləğində ayırdığı kredit xətti təsdiqlənib.
Bankdan "APA-Economics"ə verilən məlumata görə, kredit fevral ayının 8-i təsdiqlənib. Əməliyyat və maliyyə səmərəliliyinin yaxşılaşdırılmasının da daxil olduğu layihəni Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi icra edəcək. Borcalan – Maliyyə Nazirliyi tərəfindən təmsil olunan Azərbaycan hökumətidir.
Qeyd edək ki, kreditin təsdiqlənməsi 2021-ci ilin 14 sentyabr tarixində gözlənilirdi.
Bundan əlavə, AYİB şəhərin küçə işıqlandırma sisteminin, şəhəri nəqliyyatı, su və çirkab su ilə bağlı xidmətlərin, bərk tullantıların idarə edilməsi, mərkəzi istilik sistemi və bərpa olunan enerji infrastrukturunun yenilənməsi və inkişaf etdirilməsi ilə bağlı layihələri maliyyələşdirməyə hazır olduğunu bildirmişdi və hazırkı layihə sözügedən təşəbbüs çərçivəsində reallaşır.
Xatırladaq ki, 2021-ci ildə bank Azərbaycana 8 layihə çərçivəsində 34 mln. avro investisiya yatırıb ki, bu da illik müqayisədə iki dəfə çoxdur. Nəticədə 2021-ci ilin dekabrın 31-nə AYİB-in ölkədəki aktiv portfelinin həcmi 34 layihə üzrə 805 mln. avro (ödənilməmiş öhdəliklər daxil olmaqla) təşkil edib.
Beləliklə, AYİB bu günədək Azərbaycana 180 layihə üzrə 3,318 mlrd. avro həcmində investisiya yatırıb və sözügedən həcmin 86%-i (2,854 mlrd. avro) borc götürənlər tərəfindən artıq mənimsənib. Ümumi investisiyaların 12%-i özəl sektorun payına düşüb.