“Azər Türk Bank” 2023-cü ilin birinci yarısı üzrə maliyyə nəticələrini açıqlayıb.
“APA-Economics” banka istinadən xəbər verir ki, 2023-cü ilin birinci yarısında “Azər Türk Bank”ın xalis mənfəəti illik müqayisədə 8.8 dəfə artaraq 7 milyon 152 min manat təşkil edib. 2022-ci ilin müvafiq dövründə bank 812 min manat xalis mənfəət əldə etmişdi.
Hesabat dövründə bankın faiz gəlirləri 2 dəfə artaraq 29.1 milyon manat, faiz xərcləri isə 2.1 dəfə artaraq 9.7 milyon manat təşkil edib. Bu dövrdə bankın qeyri faiz gəlirləri 14.4 milyon manata ( illik müqayisədə 60.8% çox), qeyri faiz xərcləri isə 23.3 milyon manata(illik müqayisədə 31.9% çox) bərabər olub. Beləliklə bank 10.5 milyon manat əməliyyat mənfəəti qazanıb ki, bu da illik müqayisədə 10.7 dəfə və ya 9.5 milyon manat artım deməkdir.
Cari ilin iyulun 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 12% və ya 115.3 milyon manat azalaraq 849.8 milyon manata enib. Cari ilin ilk 6 ayında “Azər Türk Bank”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 26.5% və ya 85.1 milyon manat artaraq 406.8 milyon manata çatıb. Bankın kredit portfelində istehlak kreditləri 207.9 milyon manat ( illik müqayisədə 44.9% çox), biznes kreditləri 44.2 milyon manat ( illik müqayisədə 25.6% çox), daşınmaz əmlak kreditləri isə 154.6 milyon manat ( illik müqayisədə 8.1% çox) təşkil edib.
Bu dövrdə “Azər Türk Bank”ın cəmi öhdəlikləri 772.6 milyon manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 13.8% və ya 123.3 milyon manat azdır. Bankın depozit portfeli də cari ilin ilk 6 ayında 0.22% və ya 865 min manat azalaraq 384.1 milyon manata çatıb. Şirkətlərin bankdakı əmənətləri 5.8 milyon manat və ya 3.2% azalaraq 177.9 milyon manata enib, fiziki şəxslərin depozitləri isə 4.9 milyon manat və ya 2.5% artaraq 206.1 milyon manata yüksəlib.
2023-cü il iyul ayının 1-nə “Azər Türk Bank”ın cəmi kapitalı 6 ayda 11.6% və ya 8 milyon manat artaraq 77.2 milyon manat olub.