Bu ilin yanvar ayında Azərbaycanda əsas kapitala 658,1 mln. manat məbləğində, yaxud 2021-ci ilin müvafiq ayı ilə müqayisədə 11,1% az vəsait yönəldilib.
“APA-Economics”in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin açıqlamasında deyilir.
Qeyd olunub ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 9,8%, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 12,7% azalıb. İstifadə olunmuş vəsaitin 474,9 mln. manatı və ya 72,2%-i məhsul istehsalı sahələrinə, 125 mln. manatı (19%-i) xidmət sahələrinə, 58,2 mln. manatı (8,8%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 362 mln. manatını və ya 55%-ni daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 399,6 mln. manatı və ya 60,7%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 83,1%, əhalinin şəxsi vəsaitləri 9,6%, büdcə vəsaitləri 3,5%, sair vəsaitlər 3,1%, bank kreditləri isə 0,7% təşkil edib.