"Azərbaycan Sənaye Bankı" 2023-cü ilin birinci yarısı üzrə maliyyə nəticələrini açıqlayıb.
“APA-Economics” banka istinadən xəbər verir ki, 2023-cü ilin birinci yarısında "Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti illik müqayisədə 34.1% azalaraq 1 milyon 978.8 min manat təşkil edib. 2022-ci ilin müvafiq dövründə bank 3 milyon manat xalis mənfəət əldə etmişdi.
Hesabat dövründə bankın faiz gəlirləri 31.8% artaraq 15.9 milyon manat, faiz xərcləri isə 50.2% artaraq 7.9 milyon manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 5 milyon manata ( illik müqayisədə 17.3% çox), qeyri-faiz xərcləri isə 10.4 milyon manata ( illik müqayisədə 28.6% çox) bərabər olub. Beləliklə bank 2.6 milyon manat əməliyyat mənfəəti əldə edib ki, bu da illik müqayisədə 11.3% və ya 334 min manat azalma deməkdir.
Bu dövrdə bank kiçilib. Belə ki, cari ilin iyulun 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 5.4% və ya 40 milyon manat azalaraq 707.5 milyon manata enib. Cari ilin ilk 6 ayında "Azərbaycan Sənaye Bankı"nın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 0.2% və ya 427 min manat azalaraq 241.1 milyon manata çatıb.
Bu dövrdə "Azərbaycan Sənaye Bankı"nın cəmi öhdəlikləri 595.7 milyon manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 6.6% və ya 41.7 milyon manat azdır. Bankın depozit portfeli də cari ilin ilk 6 ayında 2.9% və ya 13 milyon manat azalaraq 436.6 milyon manata çatıb.
2023-cü il iyul ayının 1-nə "Azərbaycan Sənaye Bankı"nın cəmi kapitalı 1.6% və ya 1.7 milyon manat artaraq 111.7 milyon manat təşkil edib.