Azərbaycan-Türkmənistan Hökumətlərarası Komissiyanın iclası keçirilib

Azərbaycan-Türkmənistan Hökumətlərarası Komissiyanın iclası keçirilib
# 28 noyabr 2023 14:44 (UTC +04:00)

Aşqabadda Azərbaycan-Türkmənistan Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclası keçirilib.

APA-Economics”in İqtisadiyyat Nazirliyinə istinadən xəbərinə görə, iclasda müxtəlif istiqamətlər üzrə tərəfdaşlığın inkişafı barədə müzakirələr aparılıb, iclasın yekunlarına dair protokol imzalanıb. Azərbaycan nümayəndə heyəti “Agro Pack Turkmenistan 2023” beynəlxalq sərgisi ilə tanış olub.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkmənistana səfəri çərçivəsində Azərbaycan Respublikası ilə Türkmənistan Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclası keçirilib.

İclasda Birgə Hökumətlərarası Komissiyanın həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan nümayəndə heyətinə göstərilən səmimi qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Vurğulanıb ki, Azərbaycan və Türkmənistan arasında güclü dostluq və qardaşlıq münasibətləri bütün sahələrdə uğurla inkişaf edir. Qeyd olunub ki, dövlət başçılarımızın görüşləri, əldə olunan razılaşmalar və qəbul edilən birgə qərarlar ikitərəfli münasibətlərin hərtərəfli inkişafına yeni təkan verib.

“İkitərəfli münasibətlərdə mühüm rol oynayan iqtisadi-ticarət sahəsində intensiv inkişaf müşahidə olunur. Ötən il Türkmənistanla ticarət dövriyyəsi 5 dəfədən çox artıb, 2023-cü ildə də artım tendensiyası davam edib. Tədarük olunan məhsulların çeşidini genişləndirməklə ticarət dövriyyəsini daha da artırmaq üçün böyük potensial var. Ölkələrimiz arasında azad ticarət rejimi ticarət dövriyyəsinin artmasına müsbət təsir göstərir. Ticarət sahəsində uğurlu əməkdaşlıq qarşılıqlı investisiyalar üçün stimul ola bilər. Türkmənistanla sənayenin müxtəlif sahələri, investisiya, enerji, gömrük, nəqliyyat, kənd təsərrüfatı, qida təhlükəsizliyi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və s. üzrə əməkdaşlıq imkanları böyükdür”, - deyə məlumatda vurğulanıb.

İclasda Azərbaycanın artan iqtisadi göstəriciləri, əlverişli işgüzar mühiti, o cümlədən, azad edilmiş ərazilərimizin biznes potensialı, investorlar üçün yaradılan imkanlar barədə məlumat verilib, yeni əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi baxımından işgüzar tədbirlərin davamlı keçirilməsinin önəmi bildirilib, Türkmənistan investorları fəal əməkdaşlığa dəvət olunub.

Birgə Hökumətlərarası Komissiyanın həmsədri, Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini Batır Atdayev vurğulayıb ki, ölkələrimiz arasında müxtəlif sahələr üzrə qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişafı üçün yaxşı perspektivlər var və Türkmənistan əlaqələrin dərinləşməsinə önəm verir.

Azərbaycan-Türkmənistan Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclasının yekunlarına dair protokol imzalanıb. Sənədi Komissiyanın həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Batır Atdayev imzalayıblar. Sənəddə ticarət, sənaye, energetika, nəqliyyat, aqrar və digər sahələrdə tərəfdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Türkmənistana işgüzar səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti “Agro Pack Turkmenistan 2023” beynəlxalq sərgisinin açılış mərasimində iştirak edib. Nümayəndə heyəti innovativ istehsal mexanizmlərinin təqdim edildiyi sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən beynəlxalq şirkətlərin təqdim etdiyi xidmətlər, həmçinin iqtisadi səmərəliliyin artırılmasını, resurslardan effektiv istifadəni və iqtisadiyyatın müxtəlif sahələri üçün müasir həlləri təmin edən yeniliklərlə tanış olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR