Bakı Fond Birjası (BFB) Asiya İnkişaf Bankı (AİB) və Dünya Bankı ilə görüşlər keçirib.
"APA-Economics"ə BFB-dən verilən məlumata görə, AİB ilə görüş Kiçik və Orta Sahibkarlığın Kapital Bazarlarında iştirakına dair keçirilib. Keçirilən görüşün məqsədi AİB-in Asiyada Kiçik və Orta Sahibkarlığın Monitorinqi (AKM) nəşri ilə bağlı BFB-nin ilə fikir mübadiləsi etmək olub.
Dünya Bankı ilə görüş isə Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramı (FSAP – Financial Sector Assessment Program) çərçivəsində baş tutub. Görüş zamanı Bakı Fond Birjasının fəaliyyəti, ticarət dövriyyəsi, inkişaf perspektivləri müzakirə edilib. Bu proqram çərçivəsində Dünya Bankı 7-17 mart tarixində virtual, 12-28 aprel tarixlərində isə fiziki olaraq Bakıda görüşlər keçirməyi planlaşdırır.
Xatırladaq ki, Dünya Bankı Azərbaycanda FSAP çərçivəsində yer alan İnkişaf Moduluna rəhbərlik edir və bu modul maliyyə sabitliyi də daxil olmaqla maliyyə sektorunun səmərəliliyi və inkişafı ilə bağlı məsələləri əhatə edir.