Fevralın 1-nə Azərbaycanda bankların cəmi aktivləri 56 milyard 935.8 milyon manat təşkil edib.
“APA-Economics” bu barədə Mərkəzi Banka istinadən xəbər verir ki, bu göstərici ötən ilin fevralın 1-i ilə müqayisədə 7,2 faiz çoxdur.
Bankların aktivlərinin 29 milyard 980.1 milyon manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 8,9% böyüyüb, kreditlərin aktivlərdəki payı isə 51.8%-dən 52.6%-ə yüksəlib.
Hesabat dövründə, bank sektorunun öhdəlikləri 6,7% artaraq 49 milyard 528.7 milyon manata çatıb, depozit portfeli isə 0,4% azalaraq 36 milyard 805.3 milyon manata enib. Bunun 16 milyard 305.5 milyon manatı fiziki, 20 milyard 499.8 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. Əhalinin banklardakı vəsaitləri 13,3% artıb, şirkətlərin banklardakı vəsaitləri isə 9,2% azalıb.
Bank sektorunun balans kapitalı isə 10,7 faiz artaraq 7 milyard 407.1 milyon manat təşkil edib.