Azərbaycanda vergi bəyannamələrinin mobil tətbiq vasitəsilə təqdim edilməsi imkanının yaradılması üzərində iş aparılır.
“APA-Economics” xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin Vergi Risklərinin İdarə Edilməsi Baş İdarəsinin rəisi vəzifəsini icra edən Samir Xalıqov Bakıda keçirilən “Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ” adlı konfransda bildirib.
Onun sözlərinə görə, bu yenilik vergi ödəyicilərinin bəyannamələri daha rahat və operativ şəkildə təqdim etməsinə imkan yaradacaq.
S. Xalıqov qeyd edib ki, mobil tətbiq vasitəsilə bəyannamələrin təqdim edilməsi xüsusilə stasionar kompüterlərə çıxış imkanları məhdud olan mikrosahibkarlar üçün əhəmiyyətli olacaq.
O əlavə edib ki, vergi inzibatçılığının rəqəmsallaşdırılması çərçivəsində bəyannamələrin əvvəlcədən avtomatik doldurulması mexanizminin genişləndirilməsi istiqamətində də işlər aparılır.
Bu yeniliklər sahibkarların inzibati yükünün azaldılmasına və vergi öhdəliklərinin yerinə yetirilməsinin sadələşdirilməsinə xidmət edəcək.