Paşha Bank
Bank Of Baku

Bakıda Yaşıl Enerji Dəhlizinə həsr olunmuş ilk beynəlxalq forum keçirilir

Bakıda Yaşıl Enerji Dəhlizinə həsr olunmuş ilk beynəlxalq forum keçirilir
# 22 oktyabr 2026 10:59 (UTC +04:00)

Bakıda “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin investisiya və tərəfdaşlıq imkanlarına həsr olunmuş “Yaşıl Enerji Dəhlizi: Texniki-iqtisadi əsaslandırmadan icraya doğru” Forumu keçirilir.

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, forum layihənin texniki-iqtisadi əsaslandırma mərhələsindən investisiya və praktiki icra mərhələsinə keçidini sürətləndirmək, onun biznes modelini, maliyyələşdirmə strukturunu və kommersiya perspektivlərini potensial tərəfdaşlarla müzakirə etmək, eləcə də 2029-cu ildə nəzərdə tutulan yekun investisiya qərarına hazırlıq prosesinə töhfə vermək məqsədi daşıyır.

Tədbirdə Azərbaycan və tərəfdaş ölkələrin dövlət qurumlarının, Avropa İttifaqının, beynəlxalq maliyyə institutlarının, investisiya fondlarının, enerji şirkətlərinin, elektrik enerjisi alıcılarının, ötürücü sistem operatorlarının, kabel istehsalçılarının, texnologiya təchizatçılarının, mühəndislik və sığorta şirkətlərinin nümayəndələri iştirak edirlər. Forumda Dünya Bankı, Avropa İnvestisiya Bankı (EIB), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Asiya İnkişaf Bankı (ADB), Qara Dəniz Ticarət və İnkişaf Bankı, İslam İnkişaf Bankı, “Brookfield Asset Management”, “ACWA Power”, “Masdar”, “SOCAR Green”, “China Datang”, “State Grid Corporation of China”, “PowerChina”, “Siemens Energy”, “ABB”, “Hitachi Energy”, “Xlinks”, “Zhero”, “TotalEnergies”, “Jan De Nul”, “Prysmian”, “NKT”, “Hellenic Cables”, “ZTT”, “Hengtong”, “Orient Cable”, “Mitsui”, “CESI” və digər beynəlxalq şirkətlər təmsil olunurlar.

Forumun açılışında çıxış edən energetika naziri Pərviz Şahbazov “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin regional enerji təhlükəsizliyi, təchizatın şaxələndirilməsi və yaşıl keçid baxımından strateji əhəmiyyətini vurğulayıb. Bildirilib ki, 2022-ci ildə Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış strateji tərəfdaşlıq Sazişi ilə əsası qoyulan layihənin cari ilin iyulunda başa çatmış tədqiqatı onun texniki cəhətdən həyata keçirilə biləcəyini və iqtisadi baxımdan cəlbediciliyini təsdiqləyib. Nazir Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkəmizi yaşıl enerjinin istehsalı, ötürülməsi və ixracı üzrə regional mərkəzə çevirmək siyasətində bu layihənin xüsusi yer tutduğunu qeyd edib. Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Bakıya son səfəri zamanı layihəyə siyasi dəstəyin bir daha ifadə edilməsi diqqətə çatdırılıb. Layihənin TYNDP 2026-nın layihəsinə daxil edilməsi və PMI (Ortaq Maraqlar Layihəsi) statusu istiqamətində görülən işlərin onun investisiya perspektivlərini gücləndirdiyi bildirilib.

Qeyd edilib ki, təxminən 3 min kilometr uzunluğunda “Yaşıl Enerji Dəhlizi”nin 2032-ci ildən mərhələli şəkildə istismara verilməsi və ötürmə gücünün 4 QVt-a çatdırılması nəzərdə tutulur. Texniki-iqtisadi əsaslandırmaya görə, layihə regionda ən azı 8 QVt bərpaolunan enerji gücünün inkişafına, 2040-cı ildən Avropaya ildə təxminən 20 milyard kilovat-saat elektrik enerjisinin ötürülməsinə və karbon emissiyalarının 3,6 milyon tonadək azaldılmasına imkan yaradacaq. Qara dənizin 2200 metrədək dərinliyində sualtı kabelin çəkilməsi üçün qabaqcıl texnoloji həllərin tətbiqinin vacibliyi vurğulanıb. Layihənin kommersiya dayanıqlılığının təmin edilməsi məqsədilə tənzimlənən və kommersiya komponentlərini birləşdirən hibrid biznes modelinin nəzərdən keçirildiyi bildirilib. Bu modelin uzunmüddətli elektrik enerjisi alqı-satqı müqavilələrinə, özəl kapitalın iştirakına və transsərhəd elektrik enerjisi ticarətinin inkişafına əsaslandığı qeyd olunub. Nazir beynəlxalq maliyyə institutlarının və özəl investorların iştirakının, etibarlı biznes modelinin və uzunmüddətli kommersiya razılaşmalarının yekun investisiya qərarına hazırlıq üçün əsas şərtlər olduğunu bildirib: “Məqsədimiz “Yaşıl Enerji Dəhlizi”ni aydın biznes modelinə, dayanıqlı maliyyə strukturuna və investorlar üçün cəlbedici şərtlərə malik regional infrastruktur layihəsinə çevirməkdir. Azərbaycanın strateji mövqeyi, beynəlxalq enerji layihələrində zəngin təcrübəsi və tərəfdaş ölkələrlə etibarlı münasibətləri bu məqsədə nail olmaq üçün möhkəm zəmin yaradır. İnanırıq ki, bugünkü forum yeni tərəfdaşlıqların qurulmasına, konkret investisiya imkanlarının formalaşmasına və “Yaşıl Enerji Dəhlizi”nin 2029-cu ildə nəzərdə tutulan yekun investisiya qərarına daha da yaxınlaşmasına mühüm töhfə verəcək”, - deyə nazir Pərviz Şahbazov bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR