Bu ilin yanvar-sentyabr aylarında Azexport.az portalına 436,4 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.
“APA-Economics”in İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən verdiyi məlumata görə, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-sentyabr aylarında ixrac sifarişləri 6,4% artıb.
2019-cu ilin sentyabr ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 37,1 mln. dolları təşkil edib ki, bu da cari ilin avqust ayı ilə müqayisədə 29,6% azdır.
2019-cu ilin yanvar-sentyabr aylarında portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya (11,2%), Türkiyə (5,8%), Hindistan (5,7%), ABŞ (5,6%) və İngiltərə (5,1%) qərarlaşıb.
Bu ilin sentyabr ayında Azexport.az portalına ən çox ixrac sifarişi tütün, toyuq əti və yumurtası, fındıq ləpəsi, pambıq yağı, şərab, nar, soğan, kosmetik vasitə, tibbi tənzif, mebel dəsti, boya, qənnadı məhsulu, mineral su, sarımsaq, meyvə konsentratı, təzə meyvə, mürəbbə, tikinti materialı, süd məhsulları, zəli və s. mallara daxil olub.
Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2019-cu ilin 30 sentyabr tarixinə kimi (33 ay ərzində) Azexport.az portalına dünyanın 136 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 425,5 mln. dolları təşkil edib.
Bu ilin oktyabr ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 18,1 mln. dolları olub. 2019-cu ilin yanvar-oktyabr ayları ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 118 mln. dolları dəyərində qeyri-neft ixracı həyata keçirilib.