"Bank Avrasiya" bu ilin yanvar-sentyabr aylarının yekunlarına dair maliyyə hesabatını açıqlayıb.
"APA-Economics"in sözügedən hesabata istinadən verdiyi məlumata görə, cari ilin doqquz ayında bankın aktivləri ötən ilin analoji dövrü ilə müqayisədə 1,9% azalaraq 164,4 mln. manat təşkil edib.
Bununla yanaşı, "Bank Avrasiya"nın kredit portfelində də azalma qeydə alınıb. Belə ki, cari ilin sentyabrın 30-na bankın kredit portfelinin həcmi 38,8 mln. manat olub. Bu isə illik müqayisədə 8,1% azdır.
"Bank Avrasiya"nın depozit portfeli isə sentyabrın 30-na 46,9 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 66,3% çoxdur.
Hesabat dövründə bankın öhdəlikləri illik müqayisədə 8,8% azalaraq 94,3 mln. manat olub.
Yanvar-sentyabrda "Bank Avrasiya"nın xalis mənfəəti kəskin artıb. Belə ki, hesabat dövründə bu göstərici 5,9 mln. manata yaxın olub və ötən ilin analoji dövrü ilə müqayisədə 2,2 dəfə artıb.
Hesabat dövründə bankın gəlirləri 4,4% azalaraq 9,6 mln. manata, xərcləri isə 0,5% azalaraq 5,4 mln. manata bərabər olub.